Müəllim günü qeyd olunub

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü münasibətilə Gəncə Dövlət Universitetində tədbir keçirilib.

Tədbirdə çıxış edən rektor professor Yusif  Yusibov öncə bu bayram  münasibətilə bütün professor-müəllim heyətini  təbrik edib.

Rektor  müəllim adının nə qədər şərəfli və eyni zamanda məsuliyyətli olduğunu diqqətə çatdıraraq bildirib ki, Ulu Öndər sağlığında “Mən müəllim  peşəsindən şərəfli peşə tanımıram. Şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir, məktəbdə tərbiyə verən də müəllimdir. Mən müəllim qarşısında baş əyirəm”- demişdir.

Prezidenti İlham Əliyev də müəllim adına, müəllim peşəsinə, onun əməyinə xüsusi qiymət vemişdir: ”Müəllim Azərbaycanda ən hörmətli insandır. Müəllim hər bir cəmiyyətin elitasıdır”.

Elm və təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edən Ölkə Başçısı yeni və müasir tələblərə cavab verən məktəblərin tikintisinə, təhsil müəssisələrinin maddi-teniki bazasının möhkəmləndirilməsinə, müasir texnoloji avadanlıqlarla təmin ediməsinə xüsusi diqqət yetirir. Bu sahədə mühüm layihələrin həyata keçirilməsində Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri də əvəzsizdir.

Ölkə başçısının təhsil sahəsində göstəriş və sərəncamları bizim universitetin də inkişafınada öz bəhrəsini verib. Az bir müddətdə universitetin bütün tədris binalarında cari təmir işləri aparılıb, 5-ci tədris binası isə müasir tələblər səviyyəsində yenidən qurulub. Laboratoriyaların təchizatına diqqət yetirilib, yeni kimya laboratoriyaları yaradılıb. Tələbələrin sağlamlıqlarını qorumaq, asudə vaxtlarını səmərəli keçirmələri, idman dərslərinin yüksək səviyyəyə çatdırılması  üçün lazımi şərait yaradılıb.

Rektor bütün müəllim heyətinə bu şərəfli və çətin işdə  müvəffəqiyyətlər arzulayıb, gələcək fəaliyyətlərində onlara uğurlar diləyib.

Sonra bir qrup müəllimə fəxri fərmanlar təqdim edilib, təşəkkürlər elan olunub, Həmkarlar İttifaqının pul mükafatları layiqli sahiblərinə çatdırılıb.

“Musiqi fənləri” kafedrasının rəhbərliyi ilə hazırlanan və tələbələrin ifasında təqdim olunan konsert müəllimlərə xüsusi hədiyyə olub.