Multikulturalizmin Azərbaycan modeli: Sülh və həmrəyliyin paradiqması kimi

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Gəncədə “Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı kimi” mövzusunda elmi-praktik seminar keçirilib.

Gəncə Dövlət Universitetində keçirilən tədbirdə Milli Məclisin deputatı, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, AMEA-nın Fəlsəfə İnstitutunun təmsilçiləri, alimlər, Gəncə Regional Mədəniyyət İdarəsinə tabeli müəssisələrin rəhbərləri, eləcə də Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Gəncədə fəaliyyət göstərən Uşaq Rəssamlıq Məktəbi və Uşaq İncəsənət Məktəbi şagirdlərinin multikulturalizm və tolerantlıq mövzularında çəkdikləri rəsm sərgisi ilə tanış olublar.

Tədbiri açan Gəncə Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, multikulturalizm əsrlərboyu Azərbaycanda yaşayan, müxtəlif dillərdə danışan, ayrı-ayrı etnoslara və onların adət-ənənələrinə mənsub, fərqli inanc sisteminə və dinlərə malik bütün insanların dinc və mehriban şəraitdə birgəyaşayışını şərtləndirən anlayışdır. Məhz sabit gələcəyin və inkişafın şərti olan birgəyaşayış ənənələri həm də ölkəmizin mədəni müxtəlifliyinin göstəricisidir.

Pərvin Kərimzadə deyib ki, belə bir tədbirin çoxminillik tarixi irsə və zəngin mədəniyyətə varislik edən Gəncə şəhərində keçirilməsi təsadüfi deyil: “Çünki son orta əsrlərə qədər İslam və Şərq aləminin Avropaya və Xristian dünyasına açılan qapısı hesab edilən Gəncə, həm də müxtəlif sivilizasiyaların və mədəniyyətlərin bir-birinə inteqrasiyasını təmin edən böyük mədəni mərkəz rolunu oynayıb. Təsadüfi deyil ki, hələ əsrlərlə bundan əvvəl dünya poeziyasının və ədəbi-fəlsəfi fikrinin görkəmli nümayəndəsi Nizami Gəncəvi müdriklik xəzinəsi adlandırılan “Xəmsə”sində əks etdirdiyi bəşəri mövzularla və humanizm fəlsəfəsi ilə bu ideyaları daha da zənginləşdirib. İstər Nizami Gəncəvinin sələfləri, istərsə də xələfləri özlərinin ədəbi-bədii yaradıcılıqlarında ümumbəşəri fəlsəfi-estetik ideallara daim sadiqlik nümayiş etdiriblər”.

Deputat qeyd edib ki, əsrlərlə ölkəmizdə yaşayan millətlərin birgəyaşayışında, eləcə də müdrik ədiblərin və filosofların əsərlərində əks olunan multikulturalizm və tolerantlıq ilə eyni mənanı ifadə edən fikirlər ilk dəfə ümummilli lider Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsində özünün siyasi həllini tapıb. Bu gün Prezident İlham Əliyev tərəfindən dövrün qlobal çağırışlarına uyğun istiqamətləndirilən, müstəqillik yollarında inamla, qətiyyətlə və ləyaqətlə irəliləyən gənc müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasətinin əsas prioritetlərindən biri kimi multikulturalizm və tolerantlıq bütün dünyada siyasi dəstək və şöhrət qazanıb.

“İndi Azərbaycanın nümunə kimi nəzəri və praktik olaraq irəli sürdüyü multikulturalizm və tolerantlıq modelini qlobal miqyasda təbliğ etmək, bu cür təşəbbüsün bəşəriyyətdə sülhə, birgəyaşayışa, siyasi-iqtisadi və mədəni tərəqqiyə mane olan ksenofobiyaya, ayrı-seçkiliyə, irqçiliyə, islamofobiyaya və antisemitizmə alternativ olaraq göstərmək, eləcə də bütün insanları bu ideya ətrafında birləşməyə dəvət etmək lazımdır”, – deyə Pərvin Kərimzadə əlavə edib.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev bildirib ki, bu tədbir yaxın günlərdə ölkəmizdə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu ərəfəsində təşkil edilib. Forumun son illər ərzində beynəlxalq aləmdə böyük hörmət qazandığını deyən Asif Usubəliyev qeyd edib ki, Forum beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri olmaqla yanaşı, bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.

Sonra Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin mədəni turizm və innovasiyalar şöbəsinin metodisti Ceyhun Əhmədov Mərkəzin fəaliyyət istiqamətləri və son illərdə həyata keçirdiyi layihələr haqqında məlumat verib.

AMEA-nın Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov “Multikulturalizmin Azərbaycan modeli: Sülh və həmrəyliyin paradiqması” mövzusundakı çıxışında Avropa, Qərb və Şərq ədiblərinin, filosof və siyasi xadimlərin sülh və birgəyaşayışa çağırışlarını şərh edib, həmçinin Azərbaycanın son illərdə irəli sürdüyü multikulturalizm və tolerantlıq modelinin ölkəmizin tarixi, ictimai ənənələri və bu gün yürüdülən uğurlu daxili və xarici siyasətlə bağlı olduğunu deyib.

Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları Nurəddin Babazadə, Cavid Əliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları Cahangir Cahangirli, Yadigar Məmmədli, həmçinin Gəncə Dövlət Universitetinin alimləri Asim Məmmədov və Üzeyir Babakişiyevin multikulturalizm və tolerantlığın geniş spektrli mövzularına həsr olunmuş elmi məruzələri dinlənilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri: Rauf Hacıyev