Gəncə Dövlət Universitetinin tələbələri Mirzə Şəfi Vazeh Muzeyinə ekskursiya ediblər

Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə tələbələr Mirzə Şəfi Vazeh Muzeyinə ekskursiya ediblər.

Muzeyin ekspozisiya zalı ilə tanış olan tələbələrə bələdçilər tərəfindən məlumat verilib ki, son illər sosial-iqtisadi və mədəni inkişafının coşğun dövrünü yaşayan Nizami yurdunda Prezident İlham Əliyevin tapşırıqlarına əsasən tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlər uğurla davam etdirilir.

Bildirilib ki, Mirzə Şəfi Vazeh 1794-cü il iyunun 14-də Gəncədə anadan olub. Erkən yaşlarından poeziyaya böyük həvəs göstərən Mirzə Şəfi mədrəsədə dinin əsaslarını öyrənib, burada təhsilini başa çatdırdıqdan sonra isə ərəb və fars ədəbiyyatı, Azərbaycan və rus klassiklərinin əsərləri, sufilik fəlsəfəsi ilə dərindən maraqlanıb. Ərəb və fars dillərini öyrəndikdən sonra Şərqin bir çox klassiklərinin yaradıcılığı ilə yaxından tanış olub.

Tələbələrə muzeydə görülən işlərlə bağlı məlumat verilib.

Bildirilib ki, şəhərin “Gülüstan” ərazisində yerləşən muzeyin inşasına 2016-cı ilin martında başlanıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatdırılıb. Milli memarlıq üslubunda inşa olunan muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb.

Diqqətə çatdırılıb ki, muzeydə mütəfəkkir şairin həyat və yaradıcılığına, həmçinin qəzəllərinə, müxəmməslərinə, məsnəvilərinə və rübailərinə həsr olunmuş müxtəlif tablolar və sənədlər toplanıb. Burada, həmçinin Mirzə Şəfi Vazehin yaradıcılıq irsinin öyrənilməsinin gücləndirilməsi haqqında ulu öndər Heydər Əliyev tərəfindən 1981-ci il iyunun 8-də imzalanmış qərar və Prezident İlham Əliyevin “Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 3 fevral tarixli Sərəncamı da nümayiş olunur. Muzeydə şairin yaradıcılığında xüsusi yer tutan “Divani-Hikmət” ədəbi məclisinə aid xüsusi guşə yaradılıb.

Mirzə Şəfi Vazehin şəxsiyyəti və yaradıcılığı onu Şərq poeziyası klassikləri pleyadasının parlaq nümayəndələrindən biri hesab etməyə əsas verir. Görkəmli şair, pedaqoq və maarifçi-filosofun həyat və yaradıcılığına, onun Şərq və Qərb sivilizasiyalarının müdrikliyini özündə üzvi şəkildə birləşdirən poetik irsinin qeyri-adi taleyinə maraq bu gün də azalmır.

Mirzə Şəfi Vazeh Muzeyi ilə tanışlıq universitetin Pedaqoji fakültəsinin  tələbələrinin marağına səbəb olub və onlarda böyük təəssürat yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + four =