Bakıda XII Azərbaycan beynəlxalq təhsil sərgisi açılıb

“Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgi 12 ölkədən 130-dan çox iştirakçını bir araya gətirib

Oktyabrın 11-də Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə XII Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2018”) açılışı olub. Mərasimdə ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak ediblər.

Gəncə Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərginin dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirdiyini deyib. Nazirliyin son illər təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayan Ceyhun Bayramov sərginin ziyarətçilər üçün faydalı olacağına əminliyini bildirib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən 5 il ərzində təhsilin müxtəlif pillələrinə aid istiqamətlərdə mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib. Dörd il əvvəl məktəbəhazırlıq yaşına çatmış uşaqların təhsilə cəlbolunma səviyyəsi 25 faiz idisə, strategiyaya uyğun aparılan işlər nəticəsində ötən tədris ilində bu göstərici 65, cari tədris ilində isə 75 faiz olub. “Bu il 3-5 yaşlı uşaqlar üçün nəzərdə tutulan icma əsaslı təhsilə cəlb edilən uşaqların sayı 2 minə yaxın olub”, – deyən nazir bu göstəricini yüksəltməyin əsas hədəflərdən biri olduğunu diqqətə çatdırıb.

Sərgidə ölkənin bir sıra aparıcı ali təhsil müəssisələrinin də iştirak etdiyini bildirən nazir Ceyhun Bayramov diqqətə çatdırıb ki, son dövrlərdə ali təhsilin əhatəlilik səviyyəsi əhəmiyyətli şəkildə artıb. Belə ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə görə, əvvəlki illərlə müqayisədə rekord sayda – 41 min abituriyent tələbə adını qazanıb, 500 və daha çox bal toplayan məzunlardan 2090-ı müəllimlik peşəsini seçib.

Təhsilin inkişafına böyük töhfə

“Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaratdığını deyib. O bildirib ki, təhsilin inkişafına böyük töhfə verən sərgiyə son illər gələn iştirakçıların sayı 7-8 min olub. Ayrı-ayrı ölkələri təmsil edən şirkətlər xaricdə təhsil proqramları, müasir texnologiyalar və sinif otaqları üçün lazım olan müxtəlif avadanlıq təqdim edirlər.

Sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri çıxış edib, iştirakçılar sərgi ilə tanış olublar.

Ötən illərlə müqayisədə Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunur. Sərgiyə gələnlərə “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim edilir.

Sonra Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva Gələcək abituriyentlərin ixtisas seçiminə yaradılan imkanlar,

Gələcək abituriyentlərin ixtisas seçiminə yaradılan imkanlar

Sərgi ilə bağlı fikirlərini bölüşən Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva deyib: “Hər bir təhsil müəssisəsinin sərgidə təmsil olunmağı onun fəaliyyətinin göstəricisidir. Sərgidə il ərzində qazandığımız nailiyyətləri, tədrisdəki yenilikləri, ölkədə və xaricdə nəşr olunan kitabları, müəllimlərimizin monoqrafiyalarını, habelə universitetin beynəlxalq əlaqələrini, xarici ölkələrin ali təhsil ocaqları ilə birgə keçirdiyimiz tədbirləri əks etdirən müxtəlif vəsaitləri nümayiş etdiririk. Çalışırıq ki, sərgiyə gələnlər universitetimiz, onun fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat əldə etsinlər. Sərgi gələcək abituriyentlərin ixtisas seçimində böyük rol oynayır”.

Sərgi Azərbaycan təhsilinə beynəlxalq səviyyədə diqqətin artmasının göstəricisidir

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovanınfikrincə, ölkədə ənənəyə çevrilən beynəlxalq təhsil sərgisi bu sahənin il ərzində inkişafının göstəricisidir və bütün ali məktəblər bu platformadan faydalanmağa, daha çox istifadə etməyə çalışır. Burada hər universitet öz nailiyyətlərini, il ərzində qazandığı uğurları nümayiş etdirə bilir. Eyni zamanda, universitetlər məktəbli kütləsi, gələcəyin abituriyentləri qarşısında ixtisaslarını təbliğ etmək, onlar barədə daha ətraflı məlumat vermək, profilə uyğun vəsait və ədəbiyyatları gənclərə çatdırmaq imkanı əldə qazanır. Bu platforma, həmçinin universitetlərarası əlaqələrin qurulmasında və yeniliklərin öyrənilməsində böyük əhəmiyyət daşıyır.

“Builki sərgidə biz universitetin il ərzində qazandığı nailiyyətləri, tələbələrimizin beynəlxalq müsabiqələrdə əldə etdikləri mükafatları və onların layihələrini nümayiş etdirməyə çalışmışıq. Stendimizdə, həmçinin universitetimizdəki yeniliklər, müəllimlərimizin müəllifi olduqları dərs vəsaitləri və monoqrafiyalar, yeni laboratoriyalarımız barədə ətraflı məlumat verilir”, – deyə professor Gülçöhrə Məmmədova bildirib.

“Education 2018” ali məktəblər arasında əlaqələr yaradan platformadır

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin hər il sərgidə uğurla iştirak etdiyini bildirib. Diqqətə çatdırılıb ki, sərgidə BDU-da təhsil prosesində istifadə olunan innovativ istiqamətləri əks etdirən laboratoriya avadanlığı, cihazlar, yeni reaktivlər nümayiş olunur. “Çalışmışıq ki, tədris prosesində tələbələrə çatdırılan yeni elmi yanaşmaları, xüsusilə fizika sahəsində lazerin yarımkeçiricilər vasitəsilə məqsədyönlü istiqamətini, bioloqlar və ekoloqlar üçün nanohissəciklərin bitkilərin inkişafındakı rolu barədə əldə olunan uğurları sərgi iştirakçılarının diqqətinə təqdim edək. Elmi uğurlarımız böyükdür və biz bunları təhsil mühitinə transfer etməyə çalışırıq”, – deyə rektor vurğulayıb.

Abel Məhərrəmov qeyd edib ki, yüksək səviyyədə təşkil olunan beynəlxalq təhsil sərgisi ali məktəblər arasında əlaqələrin yaradılmasında mühüm platformadır.

Hər il keçirilən bu sərginin ənənə halını aldığını deyən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən Amil Əlili bildirib ki, sərgidə yerli və xarici təhsil müəssisələrinin təmsil olunması gənclərimizin bu sahədə yeniliklər və innovativ texnologiyalar barədə məlumatlar əldə etmələrinə imkan yaradır. Hər il sərgidə təmsil olunan agentlik ilbəil peşə təhsili sahəsində həyata keçirdiyi islahatların nəticəsi olaraq yeni xidmətlər və ixtisaslar təqdim edir.

Sərgidə həm texniki, həm də humanitar universitetlər təqdim olunur

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov sərgidə Rusiyanın 16 universitetinin təmsil olunduğunu diqqətə çatdırıb. O deyib: “Rusiya həm texniki, həm də humanitar universitetlərini təqdim edir. Əlbəttə, hər iki istiqamət bərabərdir, lakin mən texniki universitetləri xüsusi qeyd etmək istərdim, çünki onlar iqtisadi əlaqələrin əsasını təşkil edir. Burada olan universitetlərin nümayəndələri azərbaycanlı tələbələrin artıq həmin ali məktəblərdə təhsil aldıqlarını vurğulayıblar. İndiyədək Rusiya universitetlərində 15 minə qədər tələbə təhsil alıb. Bu, həm əyani, həm qiyabi, həm də distant təhsil alanlardır”.

“Kapital Bank”ın baş sponsor olduğu sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir.

XII Azərbaycan beynəlxalq təhsil sərgisi oktyabrın 13-dək davam edəcək.