Qarabağın yarasını ürəyində, qisasını gözlərində gəzdirən qəhrəmanlarla görüş unudulmaz olub

Azərbaycan xalqı Dağlıq Qarabağın işğalı ilə heç vaxt barışmayacaq. Xalqımızın birliyi və mübarizliyi tarixi torpaqlarımızın tezliklə düşməndən azad olunacağına zəmin yaradır. Azərbaycanın şanlı bayrağı yenidən Şuşada, Xankəndində dalğalanacaq.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, bu fikirlər oktybarın 18-də Gəncə Dövlət Universitetində Qarabağ müharibəsi əlilləri və veteranlarla keçirilən görüşdə səsləndirilib.

Tədbirdə 12 nəfər Qarabağ Müharibəsi Əlilləri və Veteranlar, eləcə də universitetin Tarix-coğrafiya fakültəsinin müəllimi Bəhmən Kazımov “Azərbaycan Vətən müharibəsi Veteranları” İctimai Birliyinin “Milli Ordu – 100” və “Müharibə Veteranı” medalı ilə təltif olunub.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin tarixi bir günə təsadüf etdiyini deyən Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva Oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə iştirakçıları təbrik edib.

Bildirilib ki, 27 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilib.

Qeyd edilib ki, müstəqilliyinin ilk illərində özünün ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacarıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz edib. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə edib. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtarıb. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və bağlıdır.

Vurğulanıb ki, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur.

Beləliklə, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.

“Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Təşkilati işlər üzrə səlahiyyətli nümayəndəsi Əşrəf Fazili son illərdə ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söhbət açıb. Bildirilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnikaya, güclü maddi-texniki bazaya və mükəmməl döyüş hazırlığına malik bir ordudur. Bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Ölkəmizdə Qarabağ döyüşçülərinə, müharibə veteranları və əlillərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan Əşrəf Fazili dövlətin bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri, eləcə də ötən dövrdə minlərlə Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təmin edilməsini qeyd edib.

Tədbirdə çıxış edən universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə Azərbaycan Ordusunun dünəni ilə bu gününü və keçdiyi şərəfli inkişaf yolunu müqayisə edib. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda öz canından keçərək şəhid olan, yaxud sağlamlığını itirmiş hər bir oğlu ilə xalqımızın fəxr etdiyini deyib.

“Bir vaxtlar düşmən ordusu ilə müqayisədə heç bir hərbi təchizatı olmayan və çox zəif olan ordumuzdakı gəncləri döyüşdən-döyüşə səsləyən yalnız vətən harayı və yenilməz yurd sevgisi var idi. Bu gün isə dünyanın ən müasir orduları sırasında yer alan və bir ildə iki dəfə möhtəşəm hərbi parad keçirən, hər birimizin fəxr və qürur ünvanı olan qüdrətli Azərbaycan Ordusu və Ali Baş Komandanımız var. Düşmən hiyləgər, qəddar və amansızdır. Biz isə mərd və sülhsevərik. Azərbaycan müstəqil dövlət kimi ləyaqətlə yaşayan və beynəlxalq qanunlara hörmətlə yanaşan dövlətdir. Ona görə də biz özümüzün əzəli və əbədi yurd yerlərimizi danışıqlar yolu ilə, qan tökülmədən, sülh yolu ilə qaytarmaq istəyirik. Qoy, düşmən bilsin ki, bu gün Azərbaycanın bayrağını Lələtəpədə, Günnütdə dalğalandıran igid oğulları sabah həmin bayrağı mütləq Şuşada və Xankəndində dalğalandıracaqdır.- deyə P.Kərimzadə fikirlərini ifadə edib.

Sonra Qarabağ Müharibəsi veteranları özlərinin keçdiyi ağır, lakin çox şərəfli döyüş yolundan danışıb, xatirələrini bölüşüblər.

Sonda Gəncə Dövlət Universiteti tələbələrinin hərbi vətənpərvərlik ruhunda hazırladığı musiqili kompozisiya tədbir iştirakçılarına təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 5 =