Gəncə Dövlət Universitetinin 80 illik yubileyinə həsr olunan spartakiadanın açılışı olub

Oktyabrın 19-da Gəncə Dövlət Universitetinin (GDU) 80 illik yubileyinə həsr olunan spartakiadanın açılış mərasimi keçirilib.

Açılış mərasimində universitetin rektoru, professor Yusif Yusibov, Gəncə Şəhər Gənclər və idman baş idarəsinin rəsisi Müşfiq Cəfərov, ali-təhsil müəssisəsinin professor-müəllim heyəti, tələbələr və idmançılar iştirak ediblər.

İlk olaraq hazırda Gəncə Dövlət Universitetində təhsil alan bir çox beynəlxlaq və respublika əhəmiyyətli yarışlarda qalib olmuş idmançılar, sonra isə spartakiadanın iştirakçı komandaları arenaya çıxıblar.

Dövlət Himninin səsləndirilməsi ilə Spartakiada açıq elan olunub.

Sonra çıxış edən universitetin rektoru Yusif Yusibov idmançıları bu möhtəşəm idman bayramı münasibətilə təbrik edərək bildirib ki, respublikamızda bədən tərbiyəsi və idmana olan dövlət qayğısı gündən-günə artır. Bunun sayəsində Azərbaycan idmanı artıq yüksək inkişaf səviyyəsinə çatıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın da inkişafını daim diqqət mərkəzində saxlayıb, kütləvi idman növlərinin geniş yayılmasına diqqət və qayğı göstərib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu gün ölkəmizdə idmanın və idmançıların ən böyük himayəçisidir.

Yusif Yusibov dövlətin idman siyasətinin həyata keçirilməsində GDU-nun daim fəallıq göstərməsindən söz açaraq bildirib ki, bu fəaliyyət universitetin İdman Klubu vasitəsilə həyata keçirilir. Ölkəmizdəki universitetlərin idman klubları arasında GDU-nun da İdman Klubu həm zəngin tarixinə, həm də müasir uğurlarına görə xüsusi yer tutur. Klub daim universitet tələbələri arasında müxtəlif turnirlər təşkil edir ki, onlardan da ən möhtəşəmi spartakiadadır.

Rektor peşəkar idman müəllimlərinin və idmançıların yetişdirilməsi sahəsində GDU-nun İdman Klubunun rolundan, bu vaxta qədər klubun yetirmələrinin ölkəmizdə və beynəlxalq arenalarda qazandıqları nəticələrdən danışıb. Spartakiadanın ölkə idmanı üçün əhəmiyyəti vurğulanıb, gənc nəslin təlim-tərbiyəsində belə tədbirlərin rolundan bəhs olunub.

Yusif Yusibov Spartakiada iştirakçılarını bir daha təbrik edərək onlara yarışlarda uğurlar arzulayıb.

Gələn il Gəncənin Avropanın İdman Şəhərləri kimi beynəlxalq layihəyə ev sahibliyi edəcəyini deyən Müşfiq Cəfərov Azərbaycanda idmanın inkişafına öz töhfələrini verən GDU-nun idmançılarının bu layihə çərçivəsində təşkil olunacaq yarışlarda da qalib gələcəklərinə inamını ifadə edib.

Sonra idmançıların ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışları olub.

Tədbirin sonunda mədəniyyət və incəsənət xadimləri idmançılar qarşısında çıxış ediblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri: Rauf Hacıyev

1 comment on “Gəncə Dövlət Universitetinin 80 illik yubileyinə həsr olunan spartakiadanın açılışı olub”

  1. yahya Cavabla

    Gəncə Dövlət Universitetinin yubileyini qeyd etməyə hazırlaşıriq…Şanlı tarixi günlərlə dolu olan 80 illik yubiley…Ömrümün 42 ili doğma unıversitetımlə bağlıdır.Universitetin yaşı qədər yaşı olan FİZİKA ixtisasını fərqlənmə diplomu ilə bitirməyimlə və Fizika kafedrasında sevilən müəllim-dosent kimi fəaliyyət göstərməyimlə fəxr edirəm…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 3 =