AÇIQ DƏRS: NİTQ MƏDƏNİYYƏTİNİN PRİNSİPLƏRİ, ÜSLUBLARI VƏ LİNQVİSTİK NORMALARI

Son illərdə universitet-məktəb qarşılıqlı əlaqəsinin uğurlu nümunəsini yaradan Gəncə Dövlət Universitetinin şəhərdə fəaliyyət göstərən ümumtəhsil məktəbləri ilə çoxşaxəli faydalı əməkdaşlığı davam edir.

İctimaiyyət üçün keçirilən açıq dərsdə Filologiya fakültəsinin  dekanı professor  Mübariz Yusifovun “Nitq mədəniyyətinin prinsipləri, üslubları və linqvistik normaları”mövzusunda mühazirəsi dinlənilib.

Açıq dərsdə Gəncə şəhər Təhsil İdarəsinin əməkdaşları, orta məktəb müəllimləri, 22 saylı tam orta məktəbin müəllim və yuxarı sinif şagirdləri, eləcə də Gəncə Dövlət Universitetinin professor – müəllim heyəti iştirak ediblər.

Tədbiri açan Məhəmməd Füzuli adına 22 saylı məktəbin direktoru Abdulla Kərimov universitet alimləri ilə məktəb şagirdləri arasında keçirilən görüşlərin hər bir şagirdin inkişafında, onların əsl şəxsiyyət kimi formalaşmasındakı rolundan danışıb.

Təcrübə və karyera şöbəsinin rəhbəri Cabbar Qarayev bildirib ki, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun tapşırığına əsasən keçirilən bu cür açıq dərslərin təşkilində məqsəd yuxarı sinif şagirdlərinə ölkəmizin təbiətini, tarixini və mədəniyyətini sevdirmək, ali təhsil müəssisəsinin nailiyyətləri haqqında məlumat vermək, eləcə də şagirdlərin gələcəkdə əmək bazarının tələbinə uyğun düzgün ixtisas seçiminə kömək etməkdir.

Bu il 80 illik yubileyini qeyd edən Gəncə Dövlət Universitetinin elm – təhsil sahəsindəki nailiyyətlərindən danışan Cabbar Qarayev qeyd edib ki, hazırda respublikamızın qərb bölgəsində ən böyük ali təhsil müəssisəsi olan  universitet yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması istiqamətində ixtisaslaşıb. Respublikamızın ali təhsil müəssisələri içərisində özünün reytinqini ildən-ilə yüksəldən Gəncə Dövlət Universitetini yüksək balla seçən tələbələrin sayı da bu uğurlu göstəriciyə uyğun olaraq hər il artır.

Cabbar Qarayev universitetdə tələbələrə yaradılan şəraitdən və bu ali təhsil müəssisində təhsil almağın üstünlüklərini izah edib.

Sonra açıq dərs iştirakçıları proffessor Mübariz Yusifovun “Nitq mədəniyyətinin prinsipləri, üslubları və linqivistik normaları” mövzusunda mühazirəsini dinləyiblər.

Professor bildirib ki, mədəni nitqə yiyələnmək üçün dilin yalnız leksik-qrammatik normalarını gözləmək kifayət etmir. Bunun üçün nitq üslubi cəhətdən də düzgün qurulmalıdır. Yəni danışarkən elə sözlər seçilməli, cümlələr elə qurulmalıdır ki, fikir dəqiq və aydın ifadə oluna bilsin. Danışan və ya yazan işlətdiyi hər bir sözün əhəmiyyətini, onun nəzərdə tutulan fikrin ifadəsi üçün nə dərəcədə yararlı, dəqiq olmasını nəzərə almalıdır. Həm danışıq, həm də yazıda hər hansı bir söz öz həqiqi mənasından başqa, digər mənalarda da işlənilir. Mənadan doğan forma rəngarəngliyi dilin üslubi imkanları əsasında yaranır ki, bütün bunlar dilin üslubiyyat bəhsində öyrənilir.

Natiq Azərbaycan dilinin fonetik, leksik və qrammatik imkanlarını həm nəzəri, həm də praktik cəhətdən öyrənməli, nitqin dəqiqliyi, yığcamlığı, ahəngdarlığı, bədiiliyi üçün üslubi imkanlardan yerində, ünsiyyətin tələblərinə uyğun istifadə etməyi, ədəbi dilimizin ifadə vasitələrindən konkret şəraitlə bağlı yararlanmağı bacarmalıdır.

Nitq üslubu danışanın, eləcə də yazanın dil vasitələrindən, onun fonetik, leksik və qrammatik imkanlarından məqsəd və məqama uyğun istifadə edə bilmə tərzidir. Bu istifadə bir sıra amillərlə, şərtlərlə ünsiyyətin şəraiti, məqsədi, müsahibin marağı, anlama səviyyəsi ilə bağlı olur və müxtəlif formalar kəsb edir. Üslub fərdidir, danışanların hər birinin özünəməxsus nitq üslubu vardır

Sonda alim məktəblilərin suallarını cavablandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 1 =