Dövlət bayrağımız milli suverenliyimizin simvoludur

Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı 72 ildən sonra – 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Ali Məclisin sessiyasında muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul edilib. Eyni zamanda, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, bu faktlar Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkil etdiyi tədbirdə səsləndirilib.

Rektorun müşaviri, tarix üzrə fəlsəfə doktoru Asif Cavadov bildirib ki, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək, üçrəngli bayrağa Azərbaycan Respublikasının Dövlət Bayrağı statusu verib. Həmin il oktyabrın 18-də isə Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət rəmzləri, o cümlədən Dövlət Bayrağı qəbul edilib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də “Dövlət Bayrağı Meydanının yaradılması barədə”, 2009-cu il noyabrın 17-də isə “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamlar imzalayıb. 2010-cu ildə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub.

“Əzəmətli bayrağımız dalğalandıqca biz də qürurlanır və fəxr edirik ki, öz milli bayrağımız, azad, müstəqil dövlətimiz var” – deyə A. Cavadov qeyd edib

Azərbaycan tarix kafedrasının müəllimi Elminaz Namazova çıxış edərək indi Azərbaycan dövlətinin üçrəngli bayrağının dünyanın hər yerində tanındığını, dövlətimizin gerbinin, himninin bütün ölkələrdə hörmətlə qarşılandığını deyib.

Sonra tələbələr çıxış edərək zaman-zaman Vətənimizin azadlığı və bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın qanından rəng alan bayrağımızın Qarabağda dalğalanacağı günün arzusunda olduğunu bildiriblər.

Tədbirdə Bayraq Gününə həsr olunmuş video çarx nümayiş etdirilib.

Gənclər dövlətə, dövlətçiliyə, bayrağa həsr olunmuş şeirlər söyləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × five =