Kredit sistemi (AKTS)

Ümumi müddəalar

1.1. Bakalavriat səviyyəsinin  ixtisaslar üzrə Təhsil Proqramı (bundan sonra İxtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»na, «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın tələblərinə və «Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı»na uyğun hazırlanmışdır.

1.2. İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.

1.3. Strukturda istifadə olunan işarələr:

İTP – İxtisas üzrə Təhsil Proqramı

ÜK – Ümummədəni kompetensiyalar (səriştələr)

PK – Peşə kompetensiyaları

 

1.4. İxtisasının xarakteristikası

İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

İxtisasın şifri və adı
Verilən elmi ixtisas dərəcəsi
Əyani forma üzrə təhsil müddəti*
Kreditlərin sayı
050101 – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Bakalavr
4 il
240
* Qiyabi forma üzrə təhsil müddəti 1 il (ixtisas üzrə qiyabi formada təhsil nəzərdə tutulduqda) artıqdır.

 

2. Məzunun ixtisas xarakteristikası və kompetensiyası

2.1. Bakalavrın ixtisas xarakteristikası.

Bakalavr:

–        bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisas üzrə magistraturada təhsil almağa hazır olmalıdır;

–        mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s. sferalarda işləyə bilməlidir;

–        mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəbdə elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilməlidir.

2.2. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər

2.2.1. Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:

–        kollektivdə işləmək (ÜК-1);

–        digər sahələrin mütəxəssisləri ilə ünsiyyətdə olmaq (ÜК-2);

–        beynəlxalq arenada işləmək (ÜК-3);

–        hüquqi biliklərə və etik normalara yiyələnmək (ÜК-4);

–        sağlam həyat tərzini qoruyub saxlamaq (ÜК-5);

–        yeni ideyalar irəli sürmək və əsaslandırmaq (ÜК-6);

–        mədəniyyətlərarası dialoqa hazır olmaq (ÜК-7);

–        tənqid və özünütənqidə dözümlülük göstərmək (ÜК-8);

–        problemli şəraitlərdə təşəbbüskarlıq göstərməyi və məsuliyyəti öz üzərinə götürməyi bacarmaq (ÜК-9);

–        xarici dildə sadə mətnləri oxuyub tərcümə etmək və fikrini ifadə etmək (ÜК-10);

–        İKT-dən istifadə etməyi bacarmaq (ÜК-11);

–        öz inkişafına, peşəkarlığının daim artırılmasına  çalışmaq (ÜK-12);

–        fikrini düzgün və yığcam ifadə etmək (ÜK-13).

 

2.2.2. Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:

–        fəaliyyət sahəsinə aid olan fənlərin əsas problemlərini, onların konkret tətbiq sahələrini bilmək (PK-1);

–        peşə fəaliyyətində İKT-dən istifadə etmək (PK-2);

–        ixtisasla bağlı anlayış və terminlərin mənasını bilmək və tətbiq etmək   (PK-3);

–        qarşıya müəyyən vəzifələr qoymağı, onları həll etməkdə müvafiq metodları düzgün seçməyi və tətbiq etməyi bacarmaq (PK-4);

–        şagirdlərin dərs prosesində istifadə etməsi üçün elmi-metodik və didaktik vəsait hazırlamağı bacarmaq (PK-5);

–        qazanılmış biliklərə, bacarıq və vərdişlərə uyğun olaraq, təhsil sahələrində kompleks məsələlərin həllində iştirak etməyə hazır olmaq (PK-6);

–        fənnin tədrisi ilə bağlı bilikləri təqdim etmək və onları iş şəraitinə adaptasiya etmək (PK-7);

–        kollektivdə öz həmkarları ilə birgə işləməyi, optimal qərarlar qəbul etməyi bacarmaq, idarəetmə və metodlarına yiyələnmək (PK-8);

–        şagirdlərin müəyyən qruplarına rəhbərliyi bacarmaq (PK-9);

–        tədris materiallarının elmi əsaslarını bilmək və onu öyrətməyi bacarmaq (PK-10);

–        elektron kitabxanalardan, referativ jurnallardan, internetdən  yeni məlumatları əldə etmək və təqdim etmək (PK-11).

 

3. Təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər

3.1. Peşə fəaliyyətinin xarakteristikası

3.1.1. Peşə fəaliyyətinin əsas istiqamətləri:

«050101 – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi» ix­tisası üzrə bakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:

–        pedaqoji;

–        istehsalat-pedaqoji;

–        təşkilati-inzibatçılıq və s.

 

3.1.2. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər.

Pedaqoji fəaliyyət üzrə:

–        Kolleclərdə, ümumi təhsil müəssisələrində müəllim vəzifəsində pedaqoji fəaliyyət göstərmək;

–        Kolleclərdə tələbələrin elmi araşdırma işlərinə rəhbərlik;

–        Kolleclərdə tələbələrlə maarifləndirici işlərin aparılması üsullarına yiyələnmək

İstehsalat – pedaqoji fəaliyyət üzrə:

–        ixtisas üzrə biliklərdən istifadə etmək;

–        informasiyaların toplanması və emalında müasir üsullardan istifadə etmək;

–        ixtisas sahəsinin əsas problemlərini dərk etmək, onların konkret tətbiq sahələrini bilmək, fənlərarası əlaqələri müəyyənləşdirmək;

–        tədris prosesində kompüter texnologiyasından istifadə etmək.

Təşkilatı – inzibatçılıq fəaliyyəti üzrə:

–        elmi praktik seminarlar, dərnəklər, disputlar təşkil etmək;

–        fəaliyyət nəticələrini proqnozlaşdırmaq üçün elmi yenilikləri tətbiq etmək;

–        qazanılmış bilik, bacarıq və vərdişlərə uyğun olaraq, təhsil sahələrində kompleks məsələlərin həllində iştirak etməyə hazır olmaq;

–        kollektivdə öz həmkarları ilə birgə işləməyi, optimal qərarlar qəbul etməyi bacarmaq, idarəetmə və onun metodlarına yiyələnmək.

3.2. İxtisaslarda bakalavr təhsil proqramının yerinə yetirilməsinin müddəti:

Bakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr              – 198

Nəzəri təlim, o cümlədən, təcrübələr ( 14 həftə) üçün ayrılan həftələr                   – 154

Tətillər üçün ayrılan həftələr                                                                                          – 38

Yekun attestasiyaya ayrılan həftələr                                                                                – 6

 

4. Maddi-texniki, tədris bazası və kadr potensialı

 

4.1. Ali təhsil müəssisəsinin ixtisasları təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompüter sinifləri və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsilalanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.

4.2. Fənlərin tədrisi, bir qayda olaraq, elmi dərəcəsi və ya elmi adı olan ali təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən aparılır. Bu fəaliyyətə həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər də cəlb oluna bilər.

5. Tədris prosesinin forma və metodları

5.1. Bakalavr hazırlığı mühazirə, məşğələ (laboratoriya), seminar, məsləhət, sərbəst iş, təcrübə və s. formalarda həyata keçirilir.

5.2. Bakalavr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq, laboratoriya və praktik iş və digər metodlardan istifadə edilə bilər.

5.3. İxtisaslar üzrə bakalavr hazırlığında istehsalat və pedaqoji təcrübələr (təcrübələrin məqsəd və vəzifələri ixtisasdan asılı olaraq müəyyənləşdirilir) nəzərdə tutulur. Təcrübələr növündən asılı olaraq müvafiq idarə və təşkilatlarda, məktəblərdə və s. keçirilə bilər.

6. Yekun dövlət attestasiyasına qoyulan tələblər və qiymətləndirmə

6.1. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.

6.2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulan cari attestasiyalardan (fənlər üzrə attestasiyalarda) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyaya buraxılırlar.

6.3. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanması və təşkilinə ayrılan müddət 6 həftədir.

6.4. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası)  və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

6.5. Bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 240 olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.

6.6. Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.