Açıq dərs: Fiziki şəxslərin gəlir vergisi və vergiyə cəlb olunma

Gəncə Dövlət Universitetində “Vergiyə cəlb olunma əməliyyatlarının uçotu (Fiziki şəxslərin gəlir vergisinin və aksizlərinin timsalında)” mövzusunda genişləndirilmiş auditoriya üçün seminar təşkil edilib.

Seminarda universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Şahin Xurşudov, İqtisadiyyat kafedrasının müdiri Zakir Əhmədov, ixtisasçı alim və müəllimlər, tələbələr, eləcə də ümumtəhsil məktəblərinin pedaqoqları iştirak ediblər.

Tədbiri açan Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva bildirib ki, universitetin alimləri və gənc müəllimləri tərəfindən təqdim edilən mövzular istər ixtisasçılar, istərsə də dinləyicilər tərəfindən yüksək dəyərləndirilir.

İqtisadiyyat kafedrasının baş müəllimi Gülsəba Qazıyeva yeni mövzunu dinləyicilərə təqdim edib.

Bildirilib ki, hesabb- uçot anlayışı hələ insanların tarixən təsərrüfat fəaliyyətinə başladıqları ilk dövrlərdə meydana çıxıb. Təsərrüfat fəaliyyəti ilə bağlı aparılan əməliyyatların genişlənməsi və dövlət idarəçiliyinin yaranması cəmiyyətdə aparılan təsərrüfat əməliyyatlarının uçotunun pərakəndə deyil, ümumi qəbul olunmuş qaydalara uyğun şəkildə aparılmasını zəruri edib. Bununla əlaqədar hər bir dövlətdə təsərrüfat uçotunun aparılmasının ümumi qaydaları müəyyənləşdirilib, həmçinin uçot bir elm və norma yaradıcılığı kimi inkişaf etdirilib.

XIX əsrin ortalarında səhmdar cəmiyyətlərinin inkişafı və vergitutma sahəsində baş verən dəyişikliklər nəticəsində vergi qanunvericiliyinin gücləndirilməsinə zərurət yaranıb. Bununla əlaqədar olaraq dövlətin maraqlarının təmin edilməsi, dövlət xəzinəsinə vergilərin ödənilməsinə nəzarətin həyata keçirilməsi məqsədləri üçün mühasibat uçotunun məlumatlarından geniş şəkildə istifadə olunubvə vergi qanunvericiliyinə vergi uçotunun aparılması ilə bağlı normalar daxil edilib.

Sonra dinləyicilərə fiziki şəxslərin gəlir vergisinin mahiyyəti, ödəyiciləri və vergitutma obyektləri, muzdlu işlə əlaqədar əldə edilən və muzdlu işə aid olmayan fəaliyyətdən gəlir və vergi dərəcələri, gəlir vergisindən azadolmalar və güzəştlər, aksiz vergisinin mahiyyəti, ödəyiciləri və vergitutma obyektləri, aksizin müəyyən edildiyi əməliyyatların xarakteristikası, aksizli mallar və onların dərəcələri haqqında iştirakçılara ətraflı məlumat verilib.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.