Açıq dərs: “Müasir dövrdə yeni pedaqoji təfəkkür və onun yaranmasını şərtləndirən amillər”

Gəncə Dövlət Universitetində psixologiya elminin korifeyi, Əməkdar elm xadimi, professor Əbdül Əlizadənin 85 illik yubileyinə həsr olunan genişləndirilmiş auditoriya üçün “Müasir dövrdə yeni pedaqoji təfəkkür və onun yaranmasını şərtləndirən amillər” mövzusunda seminar təşkil edilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, seminarda universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Pedaqoji fakültənin dekanı Bayram Apoyev, Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova, ixtisasçı alim və müəllimlər, tələbələr, eləcə də ümumtəhsil məktəblərinin pedaqoq və psixoloqları iştirak ediblər.

Tədbiri açan Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva bildirib ki, universitetin alimləri və gənc müəllimləri tərəfindən təqdim edilən mövzular istər ixtisasçılar, istərsə də dinləyicilər tərəfindən yüksək dəyərləndirilir.

Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova iştirakçılara görkəmli alim, professor Əbdül Əlizadənin psixologiya sahəsindəki tədqiqatları haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, uzun müddət təhsilin nəzəriyyə və praktikası ilə məşğul olan görkəmli pedaqoqun elmi yaradıcılığı həm ölkəmizdə, həm də respublikadan kənarda yüksək qiymətləndirilib.

İlk dəfə Ə.Əlizadə görkəmli Azərbaycan filosofu və psixoloqu professor Ə.K.Zəkuyevin rəhbərliyi ilə “Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri”ni öyrənib. Alimin “Cinsi demorfizm və şəxsi qarşılıqlı münasibətlərin formalaşmasının psixoloji problemləri” mövzusunda doktorluq dissertasiyası Azərbaycan psixologiyasında həm də mühüm hadisə olub. Ə. Əlizadənin bu tədqiqatı ilə Azərbaycan psixologiyasında yeni elmi istiqamət – cinsi fərqlər psixologiyası istiqaməti yaranıb və uğurla inkişaf etməyə başlayıb. Onun 1964-cü ildə dövrün psixoloji fikrini sistemli əks etdirən sanballı “Psixologiya” dərsliyi nəşr olunub. Alimin sonrakı tədqiqat xarakterli kitabları da Azərbaycan elminə böyük töhfə olub. Ötən əsrin 80-ci illərin ikinci yarısında Azərbaycan məktəblərində maraqlı bir fənn – “Ailə həyatının etikası və psixologiyası” fənni tədris olunmağa başlayıb. Bununla da professor Ə.Əlizadə professor A.Almazovla birgə bu önəmli elmi-psixoloji vəzifə uğurla həll edilib.

Sonra Psixologiya kafedrasının dosenti Cəfər İbrahimov yeni mövzunu dinləyicilərə təqdim edib.

Cəfər İbrahimov bildirib ki, “açıqdərs”in əsas məqsədi ixtisasçıları və dinləyiciləri müasir təhsil konsepsiyası və XXI əsrdə təhsilin inkişafının əsas istiqamətləri, yeni pedaqoji təfəkkürün yaranmasını şərtləndirən amillər, təlimin optimallaşdırılmasında idrak proseslərinin rolu və “müasir dərs” konsepsiyasının əsas məsələləri haqqında məlumatlandırmaqdır.

Müasir təhsil konsepsiyası və XXI əsrdə təhsilin inkişafının əsas istiqamətlərindən danışan C. İbrahimov deyib ki, hazırda respublikamızı inkişaf parametrləri üzrə qabaqcıl dünya ölkələri səviyyəsinə yüksəltmək başlıca məqsəd kimi qarşıya qoyulub və bütün fəaliyyətlər, o cümlədən təlim fəaliyyəti də həmin istiqamətə yönəlib. 2012-ci ildə qəbul olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası ölkəmizin həyatının bütün sahələrindəki perspektivləri müəyyənləşdirib.

Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapan səriştəyə əsaslanan təhsil məzmununun yaradılması, təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları ilə səmərəli mənimsəməni təmin edən təhsilverənlərin formalaşdırılması, təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması, müasir tələblərə cavab verən, ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması və təhsilin dayanıqlı, eləcə də müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması əsas vəzifələr və mühüm proqram sənədi kimi qarşıya qoyulub.

Prezident İlham Əliyevin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyasının həyata keçirilməsi ilə bağlı “Fəaliyyət Planı”nda yuxarıda göstərilən istiqamətlər üzrə konkret tədbirlər müəyyənləşdirilib.

Müasir məktəblərin zamanın tələbinə uyğun olaraq dəyişdiyini deyən Cəfər İbrahimov qeyd edib ki, artıq inkişaf konsepsiyasına uyğun olaraq şagird və tələbələrin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud “yaddaş məktəbi”ndən “təfəkkür və düşüncə məktəbi”nə keçidin təmin olunması məqsədilə tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Sonra dinləyicilər təlim, onun psixologiyası və məqsədləri haqqında məşhur alimlərin tədqiataları haqqında məlumatlandırılıblar.

Müasir alimlərin araşdırmalarının nəticələri haqqında məlumat verən Cəfər İbrahimov vurğulayıb ki, XXI əsrin əsas kapitalı ölkələrin maliyyə imkanları və təbii resurslarının zənginliyi deyil, onların intellektual potensialı olacaqdır. Dünyanın aparıcı ölkələrənin inkişaf tendensiyası da göstərir ki, intellektual potensialın formalaşması üçün təhsilin modernləşdirilməsi millilik və bəşərilik, qabaqlayıcı təhsilvermə, universal biliklərə yiyələnmə, bütün həyat boyu təhsilalma, yeni maliyyələşmə modelinə keçid istiqamətləri üzrə aparılmalıdır.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.