Açıq dərs: tələbə müəllimlik etdi, təcrübəli müəllimlər razı qaldı

Son illərdə universitet-məktəb qarşılıqlı əlaqəsinin uğurlu nümunəsini yaradan Gəncə Dövlət Universitetinin şəhərdə fəaliyyət göstərən ümumtəhsil məktəbləri ilə çoxşaxəli faydalı əməkdaşlığı davam edir. Bu cür əlaqələrin inkişafında isə təcrübəçi tələbələrin müxtəlif ümumtəhsil məktəblərində keçdiyi açıq dərslərin böyük əhəmiyyəti var.

Aprelin 23-də Biologiya müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Günay Verdiyevanın Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə açıq dərsi təşkil olunub.

Məktəbin 8-ci sinif şagirdləri üçün keçirilən açıq dərs “Duyğu orqanlarımızda qüsurlar” mövzusuna həsr olunub.

Açıq dərsi universitetin Təcrübə və karyera şöbəsinin əməkdaşları, ixtisas müəllimləri, tədrisin keyfiyyətinə nəzarət komisiyasının ixtisasçı müəllimləri, pedaqoq, psixoloq və müvafiq ixtisas tələbələri dinləyiblər.

Təcrübəçi dərs müddətində təlimin müxtəlif texniki vasitələrindən istifadə etməklə  öz dərsini interaktiv metodlar və müasir pedaqoji üsullar əsasında tədris etməyə çalışıb.

Sonra açıq dərs komissiya üzvləri tərəfindən təhlil olunub.

Çıxışlarda bildirilib ki, hər bir açıq dərs təcrübəçi tələbə üçün böyük məsuliyyətdir. Çünki, bu cür dərslərin təşkili tələbənin bir növ özünü təqdim etməsidir.

Sonda təcrübəçi tələbəyə komissiya üzvləri və təcrübəli müəllimlər tərəfindən metodiki məsləhətlər verilib.