Akademik Zərifə Əliyevanın xatirəsi daim hörmətlə anılacaq

Gəncə Dövlət Universtetində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın zəngin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

Humanitar məsəslələr üzrə prorektor dosent Gülsüm Fətəliyeva akademik Zərifə Əliyevanın həyat və elmi fəaliyyəti haqqında danışıb, onunla bağlı xatirələrini bölüşüb.

Bildirib ki, 28 aprel 1923–cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olan akademik Zərifə Əliyeva Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin qızıdır.

Oftalmoloq alim 1947-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıb.

Gülsüm Fətəliyeva qeyd edib ki, fitri istedada malik və novator tədqiqatçı həkim kimi tanınmış Zərifə Əliyevanın keçdiyi şərəfli həyat yolu hər bir azərbaycanlı üçün kamillik və müdriklik məktəbidir. Xeyirxahlıq, dünya şöhrətli bir çox oftalmoloqun haqqında yüksək fikirlər söylədiyi Zərifə Əliyevanın həyat tərzi idi.

Elm və İnnovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadə diqqətə çatdırıb ki, Zərifə Əliyeva həm müəllim, həm də həkim kimi fəaliyyət göstərib və hər zaman insansevərliyi, qayğıkeşliyi, ədalətliliyi ilə fərqlənib, intellektli, savadlı və dövlətçiliyimizə bağlı mütəxəssislər yetişdirməyi hər şeydən üstün tutub. Yalnız savadlı həkim, əsl pedaqoq və güclü psixoloq olan insan bu mənəvi hissləri özündə cəmləşdirə bilərdi. Qısa həyat yolu ərzində genişmiqyaslı işlər görmüş alim, eyni zamanda, böyük bir missiyanı da yerinə yetirib. Heydər Əliyev kimi dahi şəxsiyyətin, görkəmli dövlət başçısının, diplomatın, siyasətçinin etibarlı, dəyanətli, şəfqətli və cəsur həyat yoldaşı olmaq məhz ona nəsib olub. Zərifə Əliyeva ən çətin məqamlarda Heydər Əliyevə dəstək olub. Bütün bunlar Zərifə xanımın mətanətli, dəyanətli, cəsur bir Azərbaycan qadınına xas xüsusiyyətlərə malik olduğunu bir daha sübut edir. Onun yüksək mənəvi keyfiyyətləri bütün Azərbaycan xalqına, xüsusilə qadınlarımıza və gənc qızlarımıza nümunədir.

Gəncə şəhər 6 saylı poliklinikanın şöbə müdiri Tükəzban Məmmədova deyib ki, yüksək mənəvi-əxlaqi dəyərlərə malik olan, gözəl insan, həssas xanım kimi yaddaşlara həkk olan Zərifə Əliyeva, eyni zamanda, Azərbaycan tibb elmində özünəməxsus yeri olan görkəmli alimdir. O, tibb elminin ən çətin və az tədqiq edilmiş sahələrindən biri olan oftalmologiyanı seçib, bütün elmi fəaliyyəti boyunca bu sahənin həll olunmamış problemlərinin tədqiqi ilə məşğul olub və bu sahədə çox böyük nailiyyətlər əldə edib. Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

“Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib” – Tükəzban Məmmədova qeyd edib.

Sonda bildirilib ki, nəcib insan, zəriflik və ləyaqət mücəssiməsi kimi  Zərifə Əliyevanın xatirəsi əbədi olaraq Azərbaycan xalqının qəlbində daim yaşayacaq.