AMEA-nın MÜXBİR ÜZVLÜYÜNƏ NAMİZƏD

20 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Elmi Şurasının növbədənkənar iclası  keçirilmişdir. Elmi Şurada Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlüyünə vakant yerlərə seçkilərin keçirilməsi barədə “Xalq” qəzetinin 15 dekabr 2016-cı il tarixli 278 (28371) sayında dərc olunmuş elana əsasən Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, Respublikanın Əməkdar elm xadimi, professor Vaqif Seyfəddin oğlu Novruzovun Gəncə bölməsi üzrə AMEA-nın müxbir üzvlüyünə namizədliyin irəli sürülməsi müzakirə olunmuşdur.

Rektor professor Yusif Yusibov başda olmaqla  Elmi Şura üzvlərindən 26 nəfəri professor Vaqif Novruzovun istedadlı alim, qayğıkeş  insan, bacarıqlı təşkilatçı və təcrübəli kafedra müdiri olmasını, öz sahəsində elmi kadrların hazırlanmasında əvəzsiz rolunu xüsusilə vurğulamışlar. Gizli səsvermədə də əksər səsləri toplamaqla AMEA-nın müxbir üzvlüyünə namizədliyi qəbul olunmuşdur.