Avropanın 5 universitetinin iştirakı ilə Gəncə Dövlət Universitetində beynəlxalq təlimlərə başlanıb

Aprelin 1-də Gəncə Dövlət Universitetində (GDU) Avropa Komissiyasının “Erasmus+” programı üzrə PETRA “Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsi”  layihəsi çərçivəsində bir həftəlik beynəlxalq təlimlərə başlanılıb.

Beynəlxalq təlimdə məruzəçi qismində Jivaskula Universiteti (Finlandiya), Vyana Tətbiqi Elmlər Universiteti (Avstriya), Valensiya Politexnik Universiteti (İspaniya), Qazi Universiteti (Türkiyə), Debresen Universitetindən (Macarıstan) nümayəndələr iştirak edirlər.

Həmçinin təlimlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və 7 Azərbaycan Universitetindən 50-ə yaxın  nümayəndə təmsil olunur. Bu ali təhsil müəssisələri –  Azərbaycan Universiteti, Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetidir.

Təlimi açan Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə son illər ali təhsil müəssisəsində elm və təhsilin inkişafı istiqamətindəki nailiyyətlərdən danışıb.

Bildirilib ki, GDU-nun son 5 ildəki inkişafı əsasən infrastrukturun müasirləşdirilməsi və maddi-texniki bazanın zənginləşdirilməsi ilə şərtlənib. Bununla yanaşı universitetdə normativ-hüquqi bazanın və idarəetmə sisteminin  təkmilləşdirilməsi, kadr potensialının yüksəldilməsi, eləcə də akademik heyətin və tələbələrin mobilliyinin yaradılması, elmi tədqiqat işlərinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması üçün dünyanın, xüsusən də Avropanın qabaqcıl elm, təhsil mərkəzləri və universitetləri ilə həm çoxtərəfli, həm də qarşılıqlı faydalı əməkdaşlıq qurulub.

Layihə haqqında danışan  İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov bildirib ki,  təlimdə əsas məqsəd Azərbaycanın ali təhsil müəssisələrində tədris və təlimin təkmilləşdirilməsi sahəsində Avropa universitetləri ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. Məhz bu layihənin həyata keçirilməsi ilə universitetin müəllim və doktorantları istənilən sahə üzrə elmi tədqiqatlarını beynəlxalq akkreditasiya olunmuş kitabxanalardan, elm mərkəzlərindən onlayn  yararlana biləcəklər. Layihənin gənc tədqiqatçı alimlərin beynəlxalq elmi arenada müasir elmin imkanlarından yararlanmasında böyük köməyi olacaqdır.

Layihə çərçivəsində GDU-da açılan Müasir Təlim Mərkəzinin gələcək fəaliyyət istiqamətindən də danışan Vasif Həsənov bildirib ki, yeni mərkəz tədqiqatçılara (bakalavr, magistr və fəlsfə doktorları) böyük dəstək olacaq. Mərkəzdə araşdırmaçılar üçün tədqiqat mexanizmləri, tədqiqatların aparılması vasitələri, yerli və müxtəlifdilli elmi ədəbiyyatlardan istifadə və istinadlar, həmçinin sair mövzularda  seminarlar və təlimlər təşkil ediləcək.

Qeyd edilib ki, layihənin koordinatoru İspaniyanın Valensiya Politexnik Universitetinin rəhbərliyi ilə beynəlxalq təlim həftəsində layihənin gələcək perspektivləri və nəzərdə tutulan iş paketi ilə bağlı idarəetmə görüşü keçiriləcəkdir.

Təlimin yekununda iştirakçılara beynəlxalq sertifikatlar veriləcəkdir.