AZƏRBAYCAN TARİXİNDƏ DÖNÜŞ ANI – MİLLİ QURTULUŞ GÜNÜ

15 İyun – Milli Qurtuluş Günü xalqımızın yaddaşından heç vaxt silinməyəcək bir gündür. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıdışı kimi tariximizə düşən bu gün ölkəmizin müstəqil dövlət kimi inkişafının başlanğıcı oldu.

Müasir Azərbaycan tarixinin 34 illik bütöv bir epoxası Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Dahi rəhbər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasına nail olub.

1991-ci ilin oktyabrında dövlət müstəqilliyini ikinci dəfə qazanan Azərbaycan 1993-cü ilin iyununa qədər böhran, xaos və anarxiya ilə qarşılaşmışdı. Xalqın təkidli tələbi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə böyük qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı fəlakətdən xilas etdi.

Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etsə də, bu istəyini reallaşdıra, dövrün doğurduğu ağır problemlərin öhdəsindən gələ bilməmişdi. Nəticədə iqtisadi tənəzzül dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının, insan hüquq və azadlıqlarının qorunmasında ciddi problemlər yaranmışdı. Xüsusən də 1992-ci ilin mayında silahlı yolla hakimiyyətə gələn AXC-Müsavat rəhbərliyinin siyasi səriştəsizliyi, qətiyyətsizliyi Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükəyə çevrilən neqativ meyillərin baş qaldırmasına – siyasi mübarizədə qanunsuz silahlı birləşmələrdən istifadəyə, etnik separatizmə, vətəndaş itaətsizliyinə gətirib çıxarmışdı.

1993-cü ilin iyununda xalqın tələbi ilə Ulu Öndərin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra ölkədə qanunçuluğun və hüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə, hüquqi, siyasi və iqtisadi islahatlara başlanılıb, ictimai-siyasi sabitlik bərqərar olub. Azərbaycan xalqı onu bəlalardan qurtaran xilaskarını – Heydər Əliyevi 1993-cü il oktyabrın 3-də görünməmiş siyasi fəallıq və ruh yüksəkliyi ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçib. Beləliklə, ölkədəki siyasi hakimiyyət böhranı tam aradan qaldırılıb. Qısa vaxtda yüksək döyüş qabiliyyətli, vahid komandanlıqdan idarə olunan ordu yaradılıb, Silahlı Qüvvələrimizin ilk həmləsində Horadiz qəsəbəsi və ətraf yaşayış məntəqələri işğaldan azad edilib.

Ümumiyyətlə, Ümummilli Liderin rəhbərliyi ilə 1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni – Azərbaycan modelinin formalaşmasına zəmin yaradıb.

Ulu öndər hakimiyyətə qayıtdığı ilk gündən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlayaraq bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin edib.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri də milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Bugünkü qüdrətli Azərbaycan Respublikasının xarici siyasət strategiyasının əsas istiqamətlərini ulu öndər Heydər Əliyev müəyyənləşdirib. Bu kursun əsas vəzifəsi dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulub.

Ötən  illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrində davamlı islahatlar aparılıb, beynəlxalq aləmdə ölkəmizin nüfuz və hörməti artıb, sosial məsələlərə diqqət artırılıb, demokratik inkişaf yolu ilə gedən Azərbaycanda bütün azadlıqlar təmin olunub. Bu gün Azərbaycan xalqı öz taleyinin və milli sərvətinin sahibidir.