AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ : MİLLİ VARLIĞIMIZIN SİYASİ TƏSDİQ GÜNÜ

Ölkəmizdə 28 may – Respublika günü kimi qeyd olunur.  1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.

Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi tarixi hadisədir. Ölkə Başçısının bu qərarı Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə, dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsidir.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qalıb. Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul edib.  Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub.  Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların  bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verib. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərib. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını alıb. Nəhayət, XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycan keçmiş SSRİ-nin dağılması nəticəsində yaranmış tarixi şəraitdən bəhrələnərək yenidən öz müstəqilliyinə qovuşub.

Rusiya imperiyanın dağılması ilə Azərbaycanda azadlıq mübarizəsi gücləndi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Müstəqilliyi Tiflis şəhərində elan edilmiş  Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı qədim Gəncə şəhəri olub. Çünki o zaman Bakıda Moskvanın iradəsi ilə yaradılmış Bakı Xalq Komissarları Soveti (BXKS) hökmranlıq edirdi. Onun əsas özəyini daşnakpərəst bolşeviklər təşkil edirdi. Bakı Kommunasının süqutundan sonra Bakıda ağalıq menşevik və eserlərin Mərkəzi Xəzər diktaturasının əlinə keçmişdi. Yenicə yaranmış AXC-nin xarici dövlətlərlə əlaqələrinin zəifliyi  müstəqil dövlətimizin beynəlxalq aləmdə tanınmasına böyük əngəllər yaradırdı.

20-ci əsrin sonlarında ikinci dəfə müstəqilliyinə nail olan Azərbaycanda  sonradan hakimiyyəti ələ almış AXC-Müsavat cütlüyü rəhbərlərinin də siyasətdəki naşılığı ölkəmizi beynəlxalq aləmdən təcrid etdi. Xarici siyasətdə bir-birinin ardınca atılan uğursuz addımlar nəticəsində Azərbaycan beynəlxalq aləmdə təkləndi. Ermənistanın hərbi təcavüzünə məruz qalan müstəqil dövlətimizin əraziləri bir-birinin ardınca işğal olunurdu. Azərbaycanın ağır iqtisadi böhranı və daxili qeyri-sabitliyi getdikcə dərinləşirdi. Belə bir şəraitdə hadisələrin gedişindən baş çıxara bilməyən AXC-Müsavat cütlüyünün rəhbərləri çaşqınlıq içərisində qalmışdılar. Onlar heç bir ölkə ilə məntiqli diplomatik əlaqələr qura bilmirdilər.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin prezident seçilməsindən sonra ölkənin davamlı inkişafı təmin olundu, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiya işlənib hazırlandı. Dövlət idarəçiliyində zəngin təcrübəyə malik olan Ulu Öndər ilk növbədə daxildə davamlı sabitliyi təmin etdikdən sonra müstəqil dövlətimizin beynəlxalq aləmdə əlaqələrinin genişləndirilməsi məqsədi ilə mühüm əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsinə nail oldu.

Ümummilli lider Heydər Əliyevin  qurduğu müstəqil dövlət indi onun siyasi davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada tanınan və inkişaf edən ölkələr sırasında layiqli yer tutur.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ