“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” mövzusunda dəyirmi masa təşkil olunub

Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” mövzusunda dəyirmi masa təşkil olunub.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti bildirir ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanın dövlətçilik tarixi haqqında daha ətraflı biliyə yiyələnmək və bu sahədəki tarixi-siyasi dünyagörüşlərini artırmaqdır.

Tədbir Dövlət Himninin səslənməsi ilə açıq elan edilib.

Sonra AXC-nin tarixinə aid video çarx izlənilib.

Rektorun baş müşaviri dosent Asif Cavadov bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi tarixi hadisədir. Ölkə Başçısının bu qərarı Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə, dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsidir.

Tədbirdə çıxış edən məruzəçilər tərəfindən qeyd edilib ki, mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırılıb. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verib. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərib. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısnı alıb. Nəhayət, XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycan keçmiş SSRİ-nin dağılması nəticəsində yaranmış tarixi şəraitdən bəhrələnərək yenidən öz müstəqilliyinə qovuşub.

Sonda vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin  qurduğu müstəqil dövlət indi onun siyasi davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada tanınan və inkişaf edən ölkələr sırasında layiqli yer tutur.