“AZƏRBAYCANDA DİNİ TOLERANTLIQ” MÖVZUSUNDA TƏDBİR TƏŞKİL OLUNUB

            Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində “Azərbaycanda dini tolerantlıq” mövzusunda  tədbir  keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə regional bölməsi üzrə nümayəndəsi Asif Əliyev, eləcə də Gəncə Dövlət Universitetinin prorektorları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə Azərbaycanın bütün dünyada dini tolerantlıq və multikultural dəyərlərin ən yüksək səviyyədə qorunduğu ölkə kimi tanındığını qeyd edib. Azərbaycanda beynəlxalq tolerantlıq günü Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1999-cu ildə qeyd edilib. Qeyd edib ki, Azərbaycan tarixən müxtəlif xalqların, millətlərin və din mənsublarının birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olub. Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Azərbaycan əsrlərlə fərqli dildə danışan, müxtəlif dinlərə etiqad edən insanların mehriban şəraitdə yaşadığı ölkədir. Ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri yüksək səviyyədə qurulub.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva milli-dini dəyərlərə böyük həssaslıqla, xüsusi diqqət və qayğı ilə yanaşırlar. İslam dini sülh, əmin-amanlıq dinidir. Azərbaycandakı tolerantlıq və multikulturalizm mühiti mütərəqqi dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Gəncə şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova qeyd edib ki, Şərqlə Qərb arasında mədəniyyətlər və ideyalar ortaqlığı yaradan, həmrəylik körpüsü funksiyasını yerinə yetirən Azərbaycan bununla həm ümumbəşəri dəyərlərə bağlılığını, həm də tarixi keçmişində xüsusi yer tutan və bu gün də qoruyub saxladığı İslam dininin ali dəyərlərinə sadiqliyini sübut edir. Ölkəmiz qloballaşan dünyada davamlı sabitliyin bərqərar olması üçün bütün vasitələrdən istifadə edir, günümüz üçün zəruri sayılan sülhyaradıcı və barışdırıcı mövqeyini özünəməxsus formada irəli sürür. Bunlar dövlətlərin varlığını qoruyub saxlayan əsas amillərdir. Bu dəyərlərdən məhrum ölkələrdə əmin-amanlıq olmadığı kimi, onların gələcəyi də sual altındadır. Buna görə də təfriqəyə yol açan,  mənfi fikir və ideyaların yayılmasının qarşısı alınmalıdır.

DQİDK-nın Gəncə regional bölməsi üzrə nümayəndəsi Asif Əliyev radikalizm və ekstremizmin yayılması və gəncləri öz təsiri altına almasının qarşısının alınması üçün dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edərək, dini radikalizmin yaratdığı fəsadlardan və bunun qarşısının alınması yollarından danışıb. Bildirib ki, İslamın insanlara düzgün şəkildə çatdırılması vacibdir.