Dəryadır, ümmandır qadın ürəyi…

Gəncə Dövlət Universitetində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov çıxış edərək qadınları bayram münasibətilə təbrik edib.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev hər zaman qadınların əməyini yüksək qiymətləndirib. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız həmişə Azərbaycanın müstəqilliyi, güclü və qüdrətli dövlətə çevrilməsi yolunda böyük işlər görüblər.

Qeyd olunub ki, Azərbaycan xalqının milli-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik musiqisinin, ədəbiyyatının və mədəniyyətinin təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti örnək kimi qəbul edilir. Fəaliyyəti ilə müasir Azərbaycan qadınının obrazını yaradan, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.

Diqqətə çatdırılıb ki, Gəncə Dövlət Universitetində çalışan qadınlar bu gün ölkəmizdə həyata keçirilən dövlət, gənclər siyasətinin və uğurlu təhsil islahatlarının fəal müdafiəçiləri və iştirakçılarıdırlar. Onlar tələbələrə tarixi irsimizin, milli-mənəvi dəyərlərimizin aşılanmasında, eləcə də gənclərin bilikli, bacarıqlı kadrlar kimi formalaşmasında böyük səylə çalışırlar.

Sonra universitetdə elm-tədris mühitinin inkişafında və ictimai işlərdə fəal iştirak edən qadınlara gül dəstələri və hədiyyələr verilib.

Sonda Gəncə Dövlət Universiteti tələbələrinin 8 Mart –Beynəlxalq Qadınlar günü münasibətilə hazırladığı şeirlər, şən musiqilər və səhnəciklər tədbir iştirakçılarına təqdim edilib.