DEBAT TƏHSİL PROQRAMI GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə  təşkil olunmuş maarifləndirirci tədbirdə tələbələrə Gəncə Regional Debat Mərkəzi haqqında ətraflı məlumat verilib.

Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov  qeyd edib ki, debat yeni dostlar, fərqli ünsiyyət, geniş əlaqələr yaradan intellektual əyləncə və təhsil proqramıdır.

Bildirilib ki, debat formal və qeyri – formal olaraq iki hissəyə bölünür.

Debat cəmiyyətdə gedən ictimai – sosial proseslərə ətraf mühitə müxtəlif nöqteyi – nəzərdən baxmağı , biliklərə və ideyalara şübhə ilə yanaşmağı , onların əsasında yeni baxışlar, biliklər yaratmağı, arqumentləri məntiqi qurmağı və üçüncü tərəfi öz mövqeyinə inandırmağı öyrədir.

Gəncə Regional Debat Mərkəzinin proqram rəhbəri,Gəncə Dövlət Universiteti Tarix-coğrafiya fakültəsinin III kurs tələbəsi Elşən Tağıyev debatın dörd prinsipi olan öyrənmək, aydınlıq, düzgünlük və hörmət haqqında tələbələrə məlumat verərək, debatın onlara araşdırma imkanı, auditoriya qarşısında sərbəst çıxış etmək, məntiqi təfəkkürün inkişafı, fikri düzgün çatdırmaq bacarığı, inandırma və təqdimetmə vərdişləri qazandırdığını vurğulayıb.

Gəncə Regional Debat Mərkəzinin proqram köməkçisi Nərgiz Mirzəyeva sonda bir daha qeyd edib ki, Debat təhsil proqramının məqsədi vətəndaşları, xüsusi ilə gəncləri, mübahisələrə deyil, problemlərin müzakirəsinə və onların həlli yollarının müəyyənləşdirilməsinə cəlb etməkdir.Debat proqramının mahiyyətini əks etdirən video çarxlar tələbələr təqdim olunub.Görüşün sonunda tələbə gənclər özlərini maraqlanadıran suallar verdilər.