DÜZGÜN QİDALANMA SAĞLAMLIĞIN BAŞLICA ŞƏRTİDİR

Bu gün bütün dünyanı, ümumilikdə insanlığı düşündürən, narahat edən problemlərdən biri də insan sağlamlığının qorunmasıdır. Sözsüz ki, hər bir şüurlu insan rahat yaşamaq, sağlam həyat tərzi keçirmək üçün vacib şərtlərə əməl edir. Sağlam yaşamağın təməlində isə məhz sağlam qidalanma durur. Bu prosesdə qarşıya çıxan bəzi problemləri ekoloji mühiti, maddi vəziyyəti nəzərə almasaq, demək olar ki, sağlam və düzgün qidalanma birbaşa insanın özündən asılıdır. Bu baxımdan bugünkü tərəqqiyə, inkişafa nail olan bəşər övladı həyatın bütün sahələrində olduğu kimi, qidalanmada da alimlərin, elm adamlarının gəldiyi qənaətə əsaslanmalı, elmi əsaslara söykənən fikirlərə üstünlük verməlidir.

Gəncə Dövət Universitetində oktyabrın 26-sı həkim Qoşqar Məhərrəmovun “Düzgün qidalanmanın insan orqanizmində əhəmiyyəti” mövzusunda maarifləndirici görüşü olub.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva qonağı tələbələrə təqdim edərək bildirib ki, prezident İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi istiqamətində atılan növbəti mühüm addımdır. Dövlət Proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməkdir. Məqsəd, həmçinin gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Şans Tibb Mərkəzinin həkimi Qoşqar Məhərrəmov  “Həzm sisteminin anatomiyası” , “Düzgün qidalanma nədir?” , “ Qidalanmanın nəzəri anlayışı” , “Düzgün qidalanmanın tərkib hissələri” , “Qida qəbulu vaxtları” , “Gündəlik qida rasionunda qida payının bölünməsi” , “Yeməyinə və yediyinə diqqət et” , “Gündəlik enerji ehtiyacı” , “Orqanizmin gündəlik qida tələbatı”  mövzuları ilə sağlam həyat tərzinin şərtlərindən danışıb.

Hər bir insanın yaşaması və fəaliyyət göstərməsi üçün hər gün müəyyən miqdarda enerji lazımdır. Heç bir iş görmədikdə, hətta yuxuda olduqda belə, orqanizmin fəaliyyəti üçün enerji sərf olunur. Bu enerjini biz qəbul etdiyimiz  zülallar, karbohidratlar, yağlar, vitamin və minerallardan ibarət olan qida vasitələri ilə alırıq. Bu qidaların orqanizmdə mənimsənilməsilə enerji əmələ gəlir ki, bu enerji də bizim hər birimizin gün ərzində gördüyü müxtəlif işlərə sərf olunur. Deməli, insanın yaşaması üçün qidalanması vacib şərtlərdən biridir.

Bəs qida qəbulu, daha dəqiqi, səmərəli qidalanma necə olmalıdır ki, bizim qəbul etdiyimiz qidaların istər keyfiyyəti, istərsə də miqdarı orqanizmimizə mənfi təsir göstərməsin, əksinə, bizim sağlam yaşamağımıza səbəb olsun. Səmərəli qidalanmanın üç prinsipi var ki, bunlara hər bir insan əməl etməlidir. Bunlardan birincisi insan orqanizmi üçün vacib olan bütün qidalardan istifadə etməkdir. Elə bir qida məhsulu yoxdur ki, insan üçün onun tərkibində yuxarıda qeyd etdiyimiz faydalı olan karbohidratlar, zülallar, yağlar, vitaminlər və minerallar olmasın. Çox yeyən deyil, ən vacib qidanı qəbul edən sağlam ola bilər.

Səmərəli qidalanmanın ikinci şərti qidalanmada müəyyən həddin gözlənilməsidir. Lazım olduğundan çox yemək mədə-bağırsaq sistemi üçün problemlər yaradır. Bu vərdiş halını alarsa, insanda bədən çəkisinin artması, kökəlmə əmələ gələ bilər.

Düzgün qidalanmanın üçüncü şərti vaxtlı-vaxtında qidalanmaqdır. İnsan, ümumiyyətlə, gündə 5-6 dəfə az-az, tez-tez qidalanmalıdır.

Həkim gənclərin daha çox istifadə etdiyi tez hazırlanan yeməklərdən əlüstü, ayaqüstü yeməklər və ya müasir dillə desək, “fast-food” qidalarının  zərərlərindən də danışıb. Fast food qısa bir zaman ərzində hazırlanan və hazırlanmasında bir neçə qida vasitəsindən istifadə edilən qidadır. Əksər hallarda bu qidadan cavanlar istifadə edir. Amma onlar bu qidaları qəbul etməklə özlərinə nə qədər zərər verdiklərindən xəbərsizdirlər. Belə ki, müştəri cəlb etmək üçün fast food qidalarına dadlandırıcılar və qida aromatizatorlarının vurulduğundan xəbərsizdirlər.

Fast food məhsullarının hamısına konservantlar qatılır. Bu konservantlar orqanizmdə xərçəng hüceyrələrinin inkişafını sürətləndirir. Fast food-lara müxtəlif dadlandırıcılar və qida aromatizatorları əlavə edilir ki, bunlar da kimyəvi üsullarla hazırlanır. Bu dadlandırıcılar orqanizm üçün çox zərərli hesab edilir.

Hamımız sağlam olmağı arzulayırıq. Bu arzunu reallaşdırmaq üçün düzgün qidalanmanın böyük əhəmiyyəti vardır. Bu isə özümüzdən asılıdır.

Sonda həkim tələbələri maraqlandıran sualları cavablandırıb.