ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI  

6 mart 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin I tədris binasının iclas zalında Elmi Şuranın növbəti iclası keçirildi. İclasa başlamazdan əvvəl rektor professor Yusif Yusibov Ümumi pedaqogika kafedrasının baş müəllimi Lamiə Nağıyevaya, Fizika kafedrasının baş müəllimi Samirə Rüstəmovaya, Ümumi riyaziyyat kafedrasının baş müəllimi Esmira Cəfərliyə pedaqogika üzrə, Azərbaycan tarixi kafedrasının baş müəllimi Ruminə Hüseynovaya  Tarix üzrə, riyazi analiz kafedrasının baş müəllimi Nurəngiz Bəşirovaya texnika üzrə, Alman dili kafedrasının baş müəllimi Elvin Atakişiyevə filologiya üzrə, Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Güləbatın Hümbətovaya və  Kimya kafedrasının baş müəllimi Samirə Mehdiyevaya Kimya üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası  tərəfindən verilmiş fəlsəfə doktoru diplomunu təqdim edib, Elmi Şura üzvləri adından  onlalara can sağlığı və elmi-pedaqoji fəaliyyətlərində uğurlar dilədi.

Professor Yusif YusibovPraktik xarici dillər kafedrasının müdiri Zahirə Əliyevanı 50, Fəxri professor Heydər Kərimovu 70 illik yubileyi münasibəti ilə təbrik edib Fəxri fərman və hədiyyə ilə mükafatlandırdı. Eyni zamanda Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən “Gənclər günü” münasibətilə imzalanmış Fəxri fərnanı Fizika və texniki fənlər fakültəsinin fəal tələbəsi Mobil Qarayevə təqdim etdi və Elmi Şura üzvləri qarşısında   Bakı şəhəri  Heydər Əliyev mərkəzində və “Fairmont” otelində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda Universitetlər arasında keçirilmiş “Nə? Harada? Nə zaman?” III Ümumrespublika bilik yarışında Gəncə Dövlət Universitetini təmsil edən tələbələrin  qazandıqları kuboku nümayiş etdirdi.

Bundan sonra yetərsay olduğundan Elmi Şura işini davam etdirdi. Gündəliyə uyğun olaraq Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Fəxrəddin Məmmədovun “2016/2017-ci tədris ilinin payız imtahan sessiyasının yekunları haqqında”, Elm və innovasiyalar üzrə prorektor dosent Pervin Kərimzadənin  “Universitetin professor-müəllim heyətinin 2016-cı ildə yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nə­ticələri və 2017-ci ildə yerinə yetiriləcək elmi-tədqiqat işlərin, tematik planların müzakirəsi”, Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədovun “Tələbə və digər ictimai təşkilatların gənclərin inkişafında rolu” mövzusunda hesabatları müzakirə olunub müvafiq qərarlar qəbul olundu.

Gizli səsvermənin nəticələri əsasında  AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri harmonik analiz” şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat və kibernetika” fakültəsinin professoru, AMEA-nın müxbir üzvü Bilalov Bilal Telman oğluna Gəncə Dövlət Universitetinin “Fəxri doktoru” adının verilməsi, Biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Məmmədov Tofiq Sadiq oğlunun Azərbaycan Milli Akademiyasının həqiqiq üzvlüyünə namizədliyinin dəstəklənməsi qərara alındı.