Gəncə Dövlət Universiteti Avropa Komissiyasının MEDİATS layihəsinə qoşulub

Gəncə Dövlət Universiteti (GDU) Azərbaycan cəmiyyətindəki mediasiya dəyərlərini inkişaf etdirmək üçün Avropa Komissiyasının “Erasmus+” proqramının Təlimin və Cəmiyyətin Transformasiyası (MEDİATS) layihəsinə tərəfdaş olaraq qoşulub.

Bu barədə mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinə məlumat verən GDU-nun İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov bildirib ki, bir çox xarici ölkələrdə mübahisələrin daha səmərəli həlli məqsədilə alternativ üsullardan istifadə olunur.

Mübahisələrin bu cür məhkəmədənkənar alternativ həlli üsullarından biri də mediasiyadır. Mediasiya zamanı üçüncü tərəf vasitəçi rolunu oynayaraq, iki və daha çox tərəfin iştirakı ilə müzakirə aparılmasına və problemin həlli üçün razılığa gəlməyə kömək edir. Mediasiya hüquqi, diplomatik, iş yerləri, icma və ailə məsələləri kimi müxtəlif sahələrdə mübahisələri həll etmək üçün istifadə olunur.

Vasif Həsənov bildirib ki, beynəlxalq layihənin məqsədi universitetləri mediasiya sahəsində aparıcı qüvvəyə çevirmək, Azərbaycanda, Gürcüstanda və Ukraynada Avropa təcrübəsindən faydalanaraq problemlərin obyektiv həllini yaxşılaşdırmaqdır.

Mediasiya üzrə magistr ixtisasını hazırlamaq və tətbiq etmək, mediasiya federasiyasını yaratmaq, Azərbaycan, Gürcüstan və Ukraynada cəmiyyətdəki mediasiya dəyərlərini inkişaf etdirmək layihənin spesifik məqsədlərinə daxildir.

Vurğulanıb ki, layihə təcrübəli mediasiya mütəxəssisləri hazırlamağı nəzərdə tutur. Bu məqsədlə layihə iştirakçıları ən yaxşı Avropa təcrübələrini öyrənəcək, heyəti seçərək təlim keçəcək, mediasiya ixtisası üzrə magistr proqramı hazırlayacaq. Həmçinin mediasiya dəyərlərini yaymaq, qanunvericilikdə dəyişiklikləri təklif etmək, nazirliklər və məhkəmələr kimi maraqlı tərəflər arasında əlaqə yaratmaq məqsədilə mediasiya federasiyası yaradılacaq.