Gəncə Dövlət Universiteti beynəlxalq virtual konfransda təmsil olunub

6 may 2020-ci il tarixdə Xəzər Universitetinin təşkilatçılığı ilə “Onlayn Tədrisin və Öyrənmənin Problemləri” adlı beynəlxalq virtual konfrans keçirilib. Konfransda dünyanın müxtəlif ölkələrindən: Böyük Britaniya, İspaniya, Macarıstan, Finlandiya, Özbəkistan, Qazaxıstan, Azərbaycan və bir çox digər ölkələrdən olan məruzəçilər iştirak edib. İştirakçılar COVİD-19 Pandemiyası dövründə mövcud təcrübə, problemlərin necə qarşılandığı və necə həll edildiyi barədə təcrübələrini bölüşüblər. Konfransda Gəncə Dövlət Universitetini İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin müdiri Razim Əliyev təmsil edib və “Gəncə Dövlət Universitetində COVİD-19 Pandemiyası Dövründə Təlim və Öyrənmə: Cari Vəziyyət və Gələcək Perspektivlər” adlı təqdimat ilə çıxış edib. O, universitetdə sosial media və video konfrans alətləri vasitəsi ilə keçirilən onlayn dərslər, universitetdə onlayn təlimə münasibət haqqında keçirilən sorğu və Gəncə Dövlət Universitetinin yaxın vaxtlarda həyata keçirmək istədiyi onlayn təlim texnologiyaları ilə bağlı layihələr haqqında məlumat verib. Qeyd edək ki, konfrans Zoom platforması və Facebook Live vasitəsi ilə canlı yayımlanıb. Konfransa dünyanın müxtəlif yerlərindən izləyicilər qoşulub və onların sualları məruzəçilər tərəfindən cavablandırılıb.