GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TARİXİ” VI ÜMUMRESPUBLİKA BİLİK YARIŞINDA

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib. Layihənin məqsədi Ulu öndərin  həyat və yaradıcılıq fəaliyyətinin öyrənilməsi, onun irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılmasıdır.

Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı çıxışını əks etdirən videoçarx nümayiş olunub.

“Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il təşkil olunur.  Bu il bilik yarışında 49 ali təhsil müəssisəsinin komandaları iştirak edib.

Münsiflər heyətini Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təşkil edib.

Ali təhsil müəssisələrində əyani əsaslarla bakalavr və magistr səviyyələri üzrə təhsil alan tələbələr bu il də müsabiqəyə hazırlıq məqsədilə Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Onlar Mərkəzdəki Heydər Əliyev Muzeyində Azərbaycan tarixinə, ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edib, burada toplanmış arxiv materiallar əsasında araşdırma aparıblar.

“Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışında  Gəncə Dövlət Universiteti də iştirak edib. Universiteti  təmsil edən Tarix-Coğrafiya fakültəsinin tələbələrindən ibarət komanda  yarışda 4-cü yerə layiq görülüb.

Müsabiqədə Azərbaycanın tarixi, mədəniyyəti, ümummilli lider Heydər Əliyevin irsini əhatə edən 30 sual səsləndirilib. Qalib komandalar qazanılmış  xalların cəminə görə müəyyən edilib və mükafatlandırılıb.