Gəncə Dövlət Universiteti “Beynəlxalq Sahibkarlıq Qurultayı”nda təmsil olunub

Gəncə Dövlət Universiteti, Türkiyənin Manisa Cəlal Bayar Universiteti, Səlçuk Universiteti və Qırğızıstanın Türkiyə Manas Universitetinin birgə əməkdaşlığı ilə Türkiyənin Manisa şəhərində təşkil edilən 10-cu “Beynəlxalq Sahbibkarlıq Qurultayı” öz işinə başlayıb.

Açılış mərasimində Manisa Cəlal Bayar Universitetinin rektoru, professor Kamal Çələbi, Pakistan Sialkot Universitetinin prorektoru, professor İjaz Ahmad Qureşi, Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin dekan müavini, dosent Əli Allahverdiyev, Qırğızıstan Türkiyə Manas Universitetinin təmsilçisi Hakan Çetintaş, həmçinin 9 ölkənin universitetlərini təmsil edən alimlər iştirak ediblər.

Qurultayda ölkə iqtisadiyyatlarının inkişafına kömək olacaq sahibkarlıq, rəqəmsal sahibkarlıq, sənaye 4.0, innovasiya, rəqəmli marketinq, dövlət-özəl sektor əməkdaşlığı, orta gəlir tələsi və sahibkarlıq, ictimai media və sahibkarlıq, qadın sahibkarlığı, işbaşı təhsil modeli və sahibkarlıq, eləcə də digər mövzularda 9 ölkə və 35 universitetdən ümumi 158 elmi məruzə dinlənilib.