Gəncə Dövlət Universiteti tələbələrinin Spartakiadasının açılış mərasimi olub

Oktyabrın 17-də Gəncə Dövlət Universitetində (GDU) Dövlət Müstəqilliyi Gününə həsr olunmuş Spartakiadanın açılış mərasimi keçirilib.

Açılış mərasimində universitetin rektoru, professor Yusif Yusibov, ali-təhsil müəssisəsinin professor-müəllim heyəti, tələbələr və idmançılar iştirak ediblər.

İlk olaraq Spartakiadanın iştirakçı komandaları arenaya çıxıblar.

Dövlət Himninin səsləndirilməsi ilə Spartakiada açıq elan olunub.

Tədbir iştirakçıları tərəfindən Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən universitetin rektoru Yusif Yusibov idmançıları bu möhtəşəm idman bayramı münasibətilə təbrik edərək bildirib ki, respublikamızda bədən tərbiyəsi və idmana olan dövlət qayğısı gündən-günə artır. Bunun sayəsində Azərbaycan idmanı artıq yüksək inkişaf səviyyəsinə çatıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın da inkişafını daim diqqət mərkəzində saxlayıb, kütləvi idman növlərinin geniş yayılmasına diqqət və qayğı göstərib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu gün ölkəmizdə idmanın və idmançıların ən böyük himayəçisidir.

Yusif Yusibov dövlətin idman siyasətinin həyata keçirilməsində GDU-nun daim fəallıq göstərməsindən söz açaraq bildirib ki, bu fəaliyyət universitetin İdman Klubu vasitəsilə həyata keçirilir. Ölkəmizdəki universitetlərin idman klubları arasında GDU-nun da İdman Klubu həm zəngin tarixinə, həm də müasir uğurlarına görə xüsusi yer tutur. Klub daim universitet tələbələri arasında müxtəlif turnirlər təşkil edir ki, onlardan da ən möhtəşəmi Spartakiadadır.

Rektor peşəkar idman müəllimlərinin və idmançıların yetişdirilməsi sahəsində GDU-nun İdman Klubunun rolundan, bu vaxta qədər klubun yetirmələrinin ölkəmizdə və beynəlxalq arenalarda qazandıqları nəticələrdən danışıb. Spartakiadanın ölkə idmanı üçün əhəmiyyəti vurğulanıb, gənc nəslin təlim-tərbiyəsində belə tədbirlərin rolundan bəhs olunub.

Yusif Yusibov Spartakiada iştirakçılarını bir daha təbrik edərək onlara yarışlarda uğurlar arzulayıb.

Sonra idmançıların ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışları olub.

Tədbirin sonunda mədəniyyət və incəsənət xadimləri idmançılar qarşısında çıxış ediblər.