GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ ULU ÖNDƏRİN ANADAN OLMASININ 98-Cİ İDÖNÜMÜ İLƏ ƏLAQƏDAR BEYNƏLXALQ KONFRANSA EV SAHİBLİYİ ETMİŞDİR

Hər bir dövlətin, xalqın gələcəyi və inkişaf səviyyəsi həm də onun malik olduğu elmi-mədəni potensialla ölçülür. İndiyə qədər bəşər tarixində əbədilik qazanmış dahi şəxsiyyətlərin elmə, elm xadimlərinə münasibəti, bu fəaliyyət sahəsinin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən birinə çevrilmişdir.

       Bu baxımdan müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətləri misilsizdir. Elm sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti kimi nəzərdən keçirmiş bu dahi şəxsiyyət Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin qüdrətli hamisi kimi çıxış etmişdir.     

        Qeyd edək ki, bu qayğının nəticəsidir ki, Azərbaycan elmi XX əsrdə çox sürətlə inkişaf etmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər isə bu cəhətdən xüsusilə seçilir. Azərbaycan elminin ən çox inkişaf etdiyi dövr məhz bu dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. Elmin yeni yüksəlişi məhz Ulu Öndərin adı ilə bağlıdır.

        Ümummilli lider dünyada tanınan və qəbul edilən görkəmli siyasi və dövlət xadimi olmaqla yanaşı, həm də böyük bir elm adamı idi. Onun müdrik siyasətinin uzaqgörənliyi və dərinliyi məhz elmi prinsiplər üzərində qurulması, intellektual potensiala arxalanmasında idi. Azərbaycan elminə və elm adamlarına göstərdiyi qayğı və dəstək elə bundan qaynaqlanırdı. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı. O, cəmiyyətin, xalqın inkişafını elmdə görürdü. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda çoxlu sayda elm ocaqları, elmi təhsil müəssisələri yaranmışdır ki, onlar da dünya elminə inteqrasiya etməklə yeni-yeni uğürlara imza atırlar. Onlar hər il dünyanın müxtəlif ölkələrinin təhsil ocaqları ilə əlaqələri genişləndirir, yeni uğurlar üçün əməkdaşlıq əlaqələri qururlar. Elə mayın 6-da keçirilən Beynəlxalq Elmi konfranda da bu əlaqələrin yaratdığı uğurlardan daha ətraflı danışılmışdır. Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Beynəlxalq konfransda Rusiyadan, Özbəkistandan, Dağıstandan, Makedoniyadan, Türkiyədən, Gürcüstandan və digər ölkələrdən onlarla alim iştirak etmişdir. Konfransı giriş sözü ilə Gəncə Dövlət Universitetinin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibov açaraq konfrans iştirakçılarını salamlamış, tədbirin əlamətdar bir dövrdə, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsində keçirilməsini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, bu gün Azərbaycan elmi sürətli inkişaf yolundadır və uğurların əldə olunması Ulu Öndərin adı ilə bağlıdır. Sevindirici haldır ki, bu dahi şəxsiyyətdən sonra da Azərbaycanda elm və təhsil yüksək səviyyədə inkişaf edir. Prezident İlham Əliyev Ulu Öndərin elmin inkişafı üçün  başladığı işləri uğurla davam etdirir. Bu sahədə çoxsaylı fərman və sərəncamlar imzalayan ölkə başçısı daim elmin inkişafını önə çəkmiş, gənc alimlərin yetişməsi üçün diqqət və qayğı göstərmişdir.

            “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda keçirilən Beynəlxalq konfransda iki gün ərzində  biologiya, kimya, fizika və iqtisadiyyat bölmələri üzrə 300-ə yaxın məruzənin dinlənilməsi nəzərdə tutulmuşdur. Konfransın birinci günü Azərbaycan Milli Elmlər Akademiysının akademiki Vaqif Abbasov “Aqrar sektorun inkişafı üçün bioloji aktiv kimyəvi üzvi və qeyri-üzvi gübrələrin istifadə perspektivlər”, Türkiyənin Qars Qafqaz Universitetinin professoru Hacalı Nəcəfoğlu “ 2, 4, 6  trimetilbenzoatin Co(II) və Mn(II) komplekslərinin sintezi və özəllikləri”, AMEA-nın müxbir üzvü Vaqif Novruzov “Qarabağ: Qırmızı siyahılar, introduksiya və reintroduksiya məsələləri”, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı “Metal xalkogenidləri əsasında topoloji izolyatorların materialşünaslığı sahəsində yeni tədqiqatlar” mövzularında məruzələrlə çıxış etmişlər.

            Məruzələrdə son illər Gəncə Dövlət Universitetinin elmi əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən, eləcə də Dağlıq Qarabağ torpaqlarının işğal dövründə yararsız hala salınmasından və bu ərazilərdə elmi tədqiqatların aparılması vacibliyindən ətraflı qeyd edilmişdir.

            Konfransa 200-dən çox məruzə təqdim edilmişdir. 300-dən çox tədqiqatçı konfransa qatılmışdır. Beynəlxalq konfrans mayın 7-də bölmə iclaslarda öz işini davam etdirəcəkdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti