Gəncə Dövlət Universitetinə yüksək balla qəbul olan gənclər işlə təmin ediləcəklər

Qəbul imtahanlarında yüksək bal toplayaraq Gəncə Dövlət Universitetinə daxil olmuş və tələbəlik illərində akademik göstəriciləri ilə fərqlənən gənclər həmin təhsil ocağında işə təmin ediləcəklər.

Bu barədə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov qəbul imtahanlarında yüksək bal toplayaraq ali təhsil müəssisəsinin müvafiq ixtisaslarına daxil olmuş tələbələr ilə görüşündə məlumat verib.

Tədbiri açan rektor Yusif Yusibov bildirib ki, görüşün təşkilində məqsəd 2017-2018-ci tədris ilinin payız semestri imtahanlarına tələbələrin hazırlıq səviyyəsini öyrənmək və onların imtahanlara hazırlıq prosesində qarşılaşa biləcəkləri çətinliklərin operativ həllinə nail olmaq, həmçinin daha yüksək balla universitetə daxil olan gənclərin elmi tədqiqat işlərində və bir sıra layihələrin icrasında iştirakına şərait yaratmaqdır.

Hər bir dövlətin gələcək siyasi, iqtisadi və mədəni inkişafının elmə və təhsilə yaratdığı şəraitlə bağlı olduğunu deyən rektor Yusif Yusibov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf konsepsiyasında ölkənin gələcəyi üçün bilikli və elmli gənclərə üstünlük verilməsinin zəruriliyi daim vurğulanıb. Sonrakı illərdə isə Azərbaycanda “qara qızıl”ın insan kapitalına çevrilməsi və məhsuldar qüvvələrin səmərəli idarəedilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən bir sıra dövlət proqramları qəbul edilərək uğurla icra olunub.

Beynəlxalq səviyyədə ölkəmizdə rəqabətqabiliyyətli iqtisadiyyatın və innovasiya cəmiyyətinin formalaşdırılması istiqamətində bilikli, bacarıqlı və yüksək ixtisaslı kadrlara ehtiyacın artdığını deyən professor Yusif Yusibov qeyd edib ki, bunun üçün ali ixtisaslı pedaqoji kadrların hazırlığını həyata keçirən Gəncə Dövlət Universitetinin qarşısında da hazırda böyük vəzifələr dayanır.

Ali təhsilin inkişafı üçün normativ hüquqi bazanın müasirləşdirilməsinin, infrastrukturun yenilənməsinin, maddi-texniki bazanın təkmilləşdirilməsinin, sosial mühitin yaradılmasının və digər tədbirlərin təhsilin ümumi keyfiyyətinə təsir göstərən vacib amillər olduğunu deyən Yusif Yusibov heç bir ali təhsil müəssisəsinin inkişafının orada çalışan kadrların ümumi səviyyəsindən yüksək ola bilməyəcəyini də qeyd edib.

Son illər Gəncə Dövlət Universitetinin keçmiş ənənələrini qorumaqla inkişaf etdiyini deyən rektor bildirib ki, indi ali təhsil müəssisəsi qarşısında dayanan ən vacib məsələlərdən biri akademik bazanı yeniləmək, gənc, bilikli, bacarıqlı və yüksək ixtisaslı gəncləri işə cəlb etməklə universitetin uğurlu gələcəyini təmin etməkdir.

Tədbirdə çıxış edən İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov tələbələrə yeni departamentin fəaliyyət istiqamətləri və innovativ təşəbbüslərin mahiyyəti haqqında məlumat verib.Universitetin alimləri ilə birgə tələbələrin də elmi-tədqiat işlərində, xüsusən bir sıra startap layihələrinin icrasında iştiraklarının mümkünlüyünü diqqətə çatdırıb.

Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Həsənov Gəncə Dövlət Universitetinin dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri və elmi tədqiqat mərkəzləri ilə həyata keçirdiyi qarşılıqlı faydalı əməkdaşlığın nəticələrindən, eləcə də akademik mobilliyin daha effektiv həyata keçirilməsi üçün universitetdə ödənişsiz xarici dil kurslarının fəaliyyət göstərdiyi haqqında tələbələrə məlumat verib. Bildirilib ki, tələbələr universitet daxilində fəaliyyət göstərən kurslar vasitəsilə ingilis və alman dilləri imtahanlarında iştirak edib, beynəlxalq sertifakatlarını təmin edə bilərlər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.