GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ 22 İYUL-MİLLİ MƏTBUAT GÜNÜ MÜNASİBƏTİ İLƏ ONLİNE GÖRÜŞ TƏŞKİL EDİLMİŞDİR

22 İyul – Milli Mətbuat Günü münasibətilə Gəncə Dövlət  Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadənin və  Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımovanın gənc əməkdaşlar, mətbuat nümayəndələri və tələbələrlə  online görüşü  keçirilmişdir.

Universitetin Elm və innovasiyalar üzrə prorektoru  Pərvin Kərimzadə bildirmişdir ki, 145 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Həsən bəy Zərdabi bu qəzet vasitəsilə əqidə dostları Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əsgər ağa Adıgözəlov (Gorani), Seyid Əzim Şirvani və başqa şəxslərlə cəhalətə qarşı mübarizə aparıb, millətin savadlanması, qadınların hüquqlarının qorunması istiqamətində yazılarla çıxış edib. Cəmi 56 nömrəsi çapdan çıxmasına baxmayaraq bu qəzet qısa müddətdə xalq milli ruhunun ifadə olunduğu mətbuat orqanına çevrilib. Əkinçi qəzetinin yaydığı maarifçilik ideyaları sonrakı dövrlərdə də digər qəzet və jurnallarda davam etdirilib. Əkinçidən sonra Ziya, Ziyayi Qafqaziyyə, Kəşkül, Açıq söz, Şərqi-Rus, Molla Nəsrəddin kimi qəzet və jurnallarda əks olunan demokratik fikirlər, milli ideyalar, müstəmləkəçilik və Şərq istibdadı əleyhinə çıxışlar, cəhalət, xürafat və fanatizmin tənqidi, eləcə də ictimai tərəqqi və xalqın rifah halının yüksəldilməsi uğrundakı çıxışlar sonradan Azərbaycanda milli dövlət ideyasının qurulmasına gətirib çıxarmışdır.

Prorektor Pərvin Kərimzadə qeyd etmişdir ki, ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatın da inkişafında yeni mərhələ başlayıb, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə senzura aradan qaldırılıb, mətbuata dövlət qayğısı göstərilib. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən milli mətbuatın  145 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının imzalanması da bunun bariz nümunəsidir.

Belə ki, bu gün Azərbaycan mediası tam azaddır və jurnalistlər demokratiya şəraitində ölkəmizdəki quruculuq işlərini, eyni zamanda, problemləri sərbəst şəkildə işıqlandırırlar.

Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova mətbuat nümayəndələrini təbrik edərək onları komitə  tərəfindən  mükafatlandırmışdır.

Sonda “Yüksəliş” qəzetinin baş redaktoru Qərib Mehdi, Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Sabir Əliyev, qəzet və sayt əməkdaşları mətbuat işçilərinə hərtərəfli diqqət, qayğı göstərdiyinə görə Prezident İlham Əliyevə  və universitetin rektoru professor Yusif  Yusibova dərin minnətdarlıqlarını bildiriblər. Mətbuat nümayəndələri bundan sonra da yorulmaz və fədakar fəaliyyətləri ilə hər zaman dövlətimizin və xalqımızın mənafeyinə sədaqətlə xidmət edəcəklərinə, onlara göstərilən yüksək etimadı qoruyub saxlayacaqlarına söz veriblər.