GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ AVQUST AYINDA TƏKRAR KEÇİRİLƏN İMTAHANLAR

Pandemiya şəraiti ilə əlaqədar olaraq 2019/2020-ci tədris ilinin yaz semestrində yaradıcılıq tələb edən”Musiqi müəllimliyi”, “Təsviri incəsənət müəllimliyi”, “Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)” və “Bədən tərbiyəsi və idman” ixtisaslarında bəzi fənlərdən qabiliyyət imtahanlarını təşkil etmək mümkün olmadığına görə həmin imtahanların rektorluğun 19.06.2020-ci il tarixli 5/117 saylı əmri ilə avqust ayında keçirilməsi nəzərdə tutulub.

Yaradıcılıq tələb edən ixtisasların və icmal mühazirələrdə iştirak etmiş tələbələrin imtahanları 24 avqust tarixindən başlayıb və hal-hazırda davam edir. İmtahanların 27 avqust 2020-ci il tarixdə bitəcəyi gözlənilir.

“Musiqi müəllimliyi” və “Təsviri incəsənət müəllimliyi” ixtisaslarında imtahanlar qabiliyyət formasında, “Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)” və “Bədən tərbiyəsi və idman” ixtisaslarında isə test üsulu ilə `WhatsApp sosail .şəbəkəsi üzərindən online qaydada keçirilir.

Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.05.2020-ci il tarixli 01-11-522/15 saylı məktubuna əsasən akademik borcu qalan, müxtəlif səbəblərdən imtahanda iştirak etməyən, təhsil haqqını ödəmədiyinə görə imtahanlara buraxılmayan tələbələr üçün avqust ayının əvvəlində ödənişsiz əsaslarla icmal mühazirələr təşkil edilib.

İmtahanların keçirilməsi üçün hər bir ixtisas, kurs və qrup üzrə WhatsApp sosail şəbəkəsində ayrı-ayrı qruplar yaradılıb. Qrupa rəhbər şəxslər təyin edilib. Həmin şəxslər tərəfindən tələbələr uyğun qruplara daxil edilib. İmtahan başlamasına 5 dəqiqə qalmış hər bir tələbəyə fərqli testlər və biletlər təqdim edilib. Tələbələr onlara təqdim edilmiş sualları verilmiş vaxt ərzində qabaqcadan hazırlanmış xüsusi cavab blankında cavablandırmış və qrup rəhbərinə göndərmişdir. Tələbənin cavabları və ya əl işi mütəxəssislər tərəfindən qiymətləndirilmişdir. İmtahan nəticələri tələbələrə növbəti gün elan edilmişdir. Hazırda imtahanlar göstərilən qaydada davam edir.