GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ İMADƏDDİN NƏSİMİNİN 650 İLLİK YUBİLEYİ QEYD OLUNUB

Gəncə Dövlət Universitetində  görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Nəsimi-650” mövzusunda konfrans keçirilib.

Tədbiri Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva açaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib. Qeyd edib ki, məhz bu Sərəncamın icrası istiqamətində respublikamızda və onun hüdudlarından kənarda şairin yubileyi münasibətilə silsilə tədbirlər keçirilib, o cümlədən GDU-da  Nəsimi ilə bağlı müxtəlif konfranslar, elmi sessiyalar təşkil edilib.

Ulu öndər Heydər Əliyev tərəfindən Nəsimi irsinin sistemli tədqiqi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Nəsimi yeganə Azərbaycan şairidir ki, dünyanın ən böyük elm, mədəniyyət, təhsil təşkilatı olan UNESKO tərəfindən yubileyi üç dəfə (1973-cü ildə anadan olmasının 600, 2017-ci ildə vəfatının 600, 2019-cu ildə isə anadan olmasının 650 illik yubileyi) qeyd olunub. Dahi şairin irsi ilə bağlı geniş araşdırmalar aparılıb, Nəsiminin Bakıda heykəli ucaldılıb, onun fəlsəfəsini işıqlandıran bədii film çəkilib, əsərləri ana dilində kütləvi nəşr olunub. Məhz həmin illərdə görülmüş tədbirlər nəticəsində bütün dünyaya Nəsiminin Azərbaycan şairi olması nümayiş etdirilib. Nəsimi bütün Şərq miqyasında tanınan, ölkəmizin üfüqlərini onun sərhədlərindən uzaqlara apara bilən qüdrətli Azərbaycan şairi və mütəfəkkiridir.

Nəsimi şeiriyyatını Nizami Gəncəvidən sonrakı və Məhəmməd Füzulidən əvvəlki dövrün ən böyük ədəbiyyat zirvəsi adlandıran məruzəçilər bildiriblər ki, kamil insan konsepsiyasının yaradıcısı olan şair öz yaradıcılığında insanın mənəvi cəhətdən təkmilləşməsini cəmiyyətin inkişafının əsası kimi təbliğ edib. Məruzəçilər böyük mütəfəkkirin ideyalarının müasir dövrdə də davam etdirildiyini, yeni nəsillərin insanın mənəvi kamilləşməsi istiqamətində tərbiyə edilməsində Nəsimi irsinin xüsusi rolunu qeyd ediblər. Ədibin həyatının faciəvi sonluğunun onun kamil insan uğrunda mübarizə aparan şair-qəhrəman kimi özünütəsdiqinin ifadəsidir.

Nəsimi Azərbaycan və Şərq ədəbiyyatı ilə yanaşı, bütün dünya ədəbiyyatının ən cəsarətli şairlərindən hesab olunur. Nəsiminin yenilməz bir şəxsiyyət olduğunu, bütün əzab-əziyyətlərə rəğmən öz yolundan dönmədiyini söyləyən məruzəçilər  şairin həqiqət carçısı kimi ədəbiyyat tarixində iz qoyduğunu deyiblər.

Ümummilli Liderin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illik yubileyi UNESKO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd edilib. Tarixboyu müxtəlif tədqiqatçılar tərəfindən görkəmli şair Nəsiminin Şamaxı, Bakı və Təbriz, Gəncə və Dərbənddə anadan olmasına dair fikirlər irəli sürülsə də, həqiqətlərin dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndərin qətiyyəti sayəsində Nəsiminin Azərbaycan şairi olması məntiqi dəlillərlə sübut olunub.

Yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyur. Nəsiminin azad ruhu, cəsarəti, həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlər qaragüruhunun bütün sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşı “ənə-l-həq” deyən insanın möhtəşəm üsyanıdır. Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi, nahaqqa qarşı son damla qanınacan vuruşması böyük, möhtəşəm örnək olaraq bütün xalqımıza, ilk növbədə, gənc nəslimizə öz müsbət təsirini göstərir.

Sonra Universitetin Pedaqoji fakültəsinin Musiqi fənnləri kafedrasının təşkilatçılığı ilə konfrans ədəbi-bədii hissə ilə davam etdirilib. Tələbələrin ifasında Səid Rüstəmovun “Neylərəm” , Emin Sabitoğlunun “Eylədi” , “Bayatı-Şiraz muğamı” , Azərbaycan əsilli müğənni, bəstəkar Sami Yusifin müəllifi olduğu “Məndə sığar iki cahan” musiqi kompozisiyası böyük marağa səbəb olub.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ