GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ KONSTİTUSİYA GÜNÜ QEYD OLUNUB

Bu gün müstəqil Azərbaycan dövlətinin tarixində mühüm hadisənin – ölkəmizin qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 24 illiyi qeyd olunur. İyirmi dörd il bundan öncə müasir dövlətçilik tariximizdə müstəqillik, suverenlik, demokratiya və dünyəvilik kimi dəyərlərin əbədi və dönməz olduğunu bəyan edən ölkəmizin Əsas Qanunu qəbul edilib.

Gəncə Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, bu fikirlər əsas tədris binasının Nizami Gəncəvi adına zalında keçirilən Konstitusiya gününə həsr olunmuş tədbirdə səsləndirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva vurğulayıb ki, dövlətin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası, ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Konstitusiya Komissiyası tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Əsas Qanunun layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul olunub. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edilib.

Prorektor Gülsüm Fətəliyeva bildirib ki, Ulu Öndərin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün qurub – yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.

Tədbirdə çıxış edən universitetin professor-müəllim heyəti məruzələrində bildiriblər ki, Konstitusiya dövlətin ən ali hüquqi qüvvəyə malik qanunu olmaqla, canlı orqanizm kimi daim inkişafdadır. Bu baxımdan bu ali sənədə də müəyyən vaxtlarda müvafiq əlavə və dəyişikliklər edilərək müasir tələblərə uyğunlaşdırılması kifayət qədər səciyyəvi haldır. Belə ki, hüquq sisteminin əsasını təşkil edən Konstitusiya cəmiyyətin müasir dövrlə uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata çevrilən yenilikləri, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiə mexanizmlərini ehtiva etməlidir.  Ölkə Konstitusiyasının ən yüksək hüquqi qüvvəyə malik olan normaları bütün hüquqi tənzimetmə sisteminin əsasında durmaqla, ictimai münasibətlərin inkişafında sabitlik, müəyyənlik amili kimi çıxış edir, ölkədə təşəkkül tapmış dövlətçilik ənənələrinin, hüquq qaydasının, demokratik cəmiyyətin qurulmasına xidmət edir.

Bu zərurətdən irəli gələrək 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində Konstitusiyaya bir sıra əhəmiyyətli əlavələr və dəyişikliklər edilib.

Bildirilib ki, dövlətin inkişaf konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da təkmilləşdirilib, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi və sosial-iqtisadi sahələrdə mütərəqqi dəyişikliklərin edilməsi nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikasına nail olunub.

İnkişaf özü davamlı proses olduğundan, bu davamlılığın təmin edilməsi üçün islahatların həyata keçirilməsi vacibdir. Dövlətimizin başçısı tərəfindən həyata keçirilən kadr və struktur islahatları idarəetmə sistemində aparılan yeniliyin növbəti mərhələsidir. Aparılan struktur islahatları dövlət idarəçiliyinin modernləşməsinə və optimallaşmasına, şəffaflığın, müxtəlif sahələrdə çevikliyin artırılmasına xidmət edir, son nəticədə isə Əsas Qanunda əksini tapmış prinsiplərin təmin edilməsinə yönəlib.

Tədbirin sonunda  universitetin I kurs tələbəsi Rəqsanə Orucova “Canım qurban, Azərbaycan!” şeirini səsləndirib.