GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ KORONAVİRUS EPİDEMİYASINA QARŞI CİDDİ TƏDBİRLƏR GÖRÜLÜR

Dünyanı cənginə almış koronavirus epidemiyası artıq bir çox ölkələrdə ölümlə nəticələnməsi barədə xəbərlər yayılır. Bu dəhşətli xəstəliyə qarşı respublikamızda da bir sıra qabaqlayıcı tədbirlər görülür. Ölkə başçısının nəzarətində olan tədbirlərlə bağlı artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 mart tarixli Sərəncamına əsasən koronavirus epidemiyasının yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə cari il martın 3-dən 9-dək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılaraq qabaqlayıcı tədbirlərə başlanılmışdır.

            Martın 5-də Gəncə Dövlət Universitetində keçirilən toplantıda da bu barədə ətraflı söhbət getmiş, bununla bağlı qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Universitetin kafedra müdirlərinin, dekanların, eləcə də rəhbər vəzifəli şəxslərin iştirak etdiyi toplantıda çıxış edən universitetin rektoru, professor Yusif Yusibov bu dəhşətli virusun törətdiyi bəlalardan danışmış və bununla bağlı təhsil naziri Ceyhun Bayramovun əmrini toplantı iştirakçılarının nəzərinə çatdırmışdır. Bildirmişdir ki, bu gün universitetdə bu dəhşətli virusa qarşı qabaqlayıcı tədbirlərə başlanacaqdır. Artıq Təhsil Nazirliyinin təşəbbüsü ilə bir qrup mütəxəssis Gəncə Dövlət Universitetinə ezam olunmuşdur.

            Sonra rektor Yusif Yusibov universitetdə koronavirusa qarşı aparılacaq qabaqlayıcı tədbirlərin mütəşəkkil keçirilməsi istiqamətində kollektiv üzvlərinin üzərinə düşən vəzifələrlə bağlı tapşırıqlar vermişdir.

            Yığıncaqdan sonra Bakı Şəhər Dezinfeksiya Mərkəzindən gəlmiş bir qrup mütəxəssis dezinfeksiya işlərinə başlamışdır. Qrupun rəhbəri , Bakı Şəhər Dezinfeksiya Mərkəzinin epidemioloq həkimi Eldar Mustafazadə bildirmişdir ki, universitetdə dezinfeksiya işləri bir neçə gün davam edəcək. Dezinfeksiya işləri başa çatdıqdan sonra heç kim həmin otağa daxil olmamalıdır.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ