GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ TƏNTƏNƏLİ TƏDBİR

14 iyun 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində 15 iyun Qurtuluş Gününə həsr edilmiş təntənəli tədbir keçirilmişdir. Tədbiri giriş sözu ilə Universitetin Humanitar işlər üzrə prorektoru dosent Gülsüm Fətiliyeva açaraq qeyd etdi ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi və  Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Belə bir vəziyyətdə tarix Heydər Əliyev kimi bir dahinin rəhbərliyə gəlməsini labüd etdi. Ümum lider özü demişkən: “Azərbaycanın belə bir dağılan vəziyyətində, parçalanan vəziyyətində mən Azərbaycana gəlib bir məqsəd daşımışam-Azərbaycanı bu fəlakətdən xilas edim. Mənim başqa məqsədim, amalım yoxdur. Bunu isə mən xalqla birlikdə edə bilərəm…”

Azərbaycan tarixi kafedrasının  baş müəllimlərindən  Eldar Mehdiyev və  Etibar Musayev  öz çıxışlarında bildirdilər ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması prosesi aparılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmışdır.

1994-cü ilin sentyabrında Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən “Əsrin müqaviləsi”  adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verdi və  Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb oldu.

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının taleyi ilə qara  oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratdı. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuş, Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri isə milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır.

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

Tədris şöbəsinin müdiri şair Tofiq Xəlil Qurtulus gününü, Azərbaycan xalqının işıqlı bir dünyaya çıxmasında Heydər Əliyevin misilsiz, təkrarolunmaz rolunu öz poetik misralarında tədbir iştirakçılarına çatdırdı.

Tədbir boyunca dahi rəhbərin həyat və fəaliyyətinə həsr edilmiş video çarxlar, Universitetin Musiqi fənnləri kafedrasının təşkil etdiyi tələbələrin geniş repertuarda konserti nümayiş etdirildi.