Gəncə Dövlət Universitetinin işçi qrupunun şəhərimizin  9, 10 və 11 nömrəli tam orta məktəblərdə fəaliyyəti

Universitetin rektoru, professor Yusif Yusibovun 07.03.2017-ci il tarixli əmrinə müvafiq olaraq təhsil ocağımızın fəaliyyətinin təbliği ilə bağlı işçi qrupu (dosentlər M.Məmmədov, C.Qarayev və C.Bağırzadə) Gəncə şəhər 9, 10  və 11 nömrəli tam orta məktəblərdə 2017 –ci ilin aprelin 24 -də  tədbirlər həyata keçirmişlər.

9 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə məktəbin direktoru Nazim Əli oğlu Hacıyev çıxışında qeyd etdi ki,  Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasını bitirmişəm, həmin ali təhsil ocağının məzunu olamağım ilə qürur hissi duyuram, inanıram ki, məktəbimizin şagirdləri də gələcəkdə təhsil almaq üçün məhz Gəncə Dövlət Universitetinin tələbələri olacaqlar. Direktor müavini Ruziyyə Vəliyeva da bildirdi ki, o da həmin təhsil ocağının Fizika ixtisasının məzunu olub və bu  məktəbdə çalışan müəllimlərin böyük əksəriyyəti Gəncə Dövlət Universitetini bitirmişlər. Qeyd etdilər ki, uzun illər ərzində universitetin tələbələri pedaqoji təcrübələrini bizim məktəbdə yüksək  səviyyədə  həyata keçirirlər.2016/ 2017 – ci tədris ilində orta məktəbdə 512 şagird təhsil alır, onlardan 40 nəfəri bu il XI sinfi bitirəcəkdir. Tədbirdə  şagirdlərin  çıxışlarından məlum oldu ki, onların əksəriyyəti gələcəkdə ali təhsil almaq  üçün məhz Gəncə Dövlət Universitetini seçəcəklər.

Tədbirdə işçi qrupunun üzvləri qeyd etdilər ki, son illərdə universitetin maddi-texniki bazası ildən- ilə genişlənir, beynəlxalq əlaqələrimiz sürətlə inkişaf edir. Bu istiqamətdə aparılan işlər nəticəsində universitetin professor-müəllim heyətinin, bakalavr və magistrlərin, gənc tədqiqatçıların  xaricdə  elmi  araşdırmalar aparmağa və təhsillərini davam etdirməyə geniş imkanlar yaranmışdır.

Çıxışlardan sonra Universitetin həyatını əks etdirən video materiallar nümayiş etdirildi, bukletlər, suvenirlər şagirdlərə hədiyyə olundu. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Daha sonra, Universitetin işçi qrupu həmin gün Gəncə şəhər
Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri ilə görüş keçirmişdir.

Görüşdə  işçi qrupun rəhbəri dosent M. Məmmədov çıxış edərək qeyd etdi ki, 10 №-li məktəb universitetimizlə daim əməkdaşlıq edir. Məktəbin direktoru Arzu Əliyeva bildirdi ki, bu məktəbdə çalışan müəllimlərin əksəriyəti və məktəbin tədris hissə müdiri Rəna İsmayılova da Gəncə Dövlət Universitetinin məzunlarıdır. Hal- hazırda məktəbdə 710 nəfər şagird təhsil alır. Bu il  49 nəfər XI sinfi bitirəcəkdir. Şagirdlərimizin əksəriyyəti gələcəkdə ali təhsil almaq  üçün məhz Gəncə Dövlət Universitetini seçəcəklər.

Çıxış edənlər göstərdilər ki, Gəncə Dövlət Universitetinin tələbələri uzun illərdir ki, həmin məktəbdə pedaqoji təcrübələrini keçirlər, sınaq dərslərini deməklə yanaşı, eyni zamanda, məktəbdə keçirilən bütün tədbirlərdə yaxından iştirak edirlər. Görüş yüksək səviyyədə keçirilidi, işçi qrupuna şagirdlər tərəfindən suallar verildi, tədbirin sonunda universitet haqqında videomateriallar nümayiş etdirildi.

Həmin gün işçi qrupu Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbin pedaqoji kollektivi və məzunları ilə görüş keçirdilər. Məktəbin direktoru Ülfət Məmmədova bildirdi ki, o, 1986- cı ildə Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə məzunu olmuşdur, məktəbin müəllim kollektivinin 80 faizdən çoxu həmin universiteti bitirmişlər. İşçi qrupunun üzvləri dosentlər Cabbar Qarayev və Cavid Bağırzadə qeyd etdilər ki, bu məktəb GDU ilə həmişə səmərəli əməkdaşlıq edir və bu günkü görüş məhz həmin əlaqələrin genişlənməsinə xidmət edir.

İşçi qrupunun üzvləri univeristetimizin çoxsahəli fəaliyyəti barədə tədbirdə iştirak edən pedaqoji kollektivin üzvlərinə ətraflı məlumat verdilər və videomateriallar nümayiş olundu. Tədbirin sonunda şagirdləri maraqlandıran suallara cavab verildi.

Keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkilində və həyata keçirilməsində Gəncə şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynovun və Metod mərkəzin direktoru Zöhrab Hacıyevin səmərəli fəaliyyəti qeyd edildi.

Keçirilən görüşlər hər üç – 9, 10 və 11 nömrəli məktəblərin yuxarı sinif şagirdlərinə və pedaqoji kollektivinə müsbət təsir göstərdi. Çıxış edən şagirdlər belə bir görüş üçün minnətdarlıq etdilər və gələcəkdə ali təhsil almaq üçün Gəncə Dövlət Universitetini seçəcəklərini bildirdilər.