GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN MƏZUNU OLMUŞ ŞƏHİDİN AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞ TƏŞKİL OLUNUB

Fevralın  5-də Gəncə Dövlət Universitetinin məzunu olan I Qarabağ müharibəsinin şəhidi olan Nəcəf Verdiyevin  ailə üzvləri ilə görüş təşkil edilib.

Görüşdə Elm və İnnovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova,  I Qarabağ müharibəsi şəhidi Nəcəf Verdiyevin qardaşı Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi Gəncə təşkilatının sədr müavini  Eldar Verdiyev və şəhidin döyüş yolu haqqında kitab qələmə alan  Azərbaycan Yazıçılar Birliyinin(AYB)  üzvü, “Gəncə qapısı” , “Pirsultan” jurnallarının baş redaktoru olan Ramiz Təkin iştirak ediblər.

AYB –nin üzvü Ramiz Təmkin 1990-cı ildən bu yana öz yaradıcılığında vətən, torpaq sevgisindən, bu amal uğrunda şəhid olan vətən oğulların döyüş yolu haqqında  kitablar yazdığını bildirib. Onun I Qarabağ müharibəsində könüllü müdafiə batalyonu yaratmış, 6 erməni kəndi mühasirəsində olmağına baxmayaraq düşmən tərəfindən ələ keçirilməyən Sarısu kəndinin qəhrəmanı olmuş Nəcəf Verdiyev haqqında yazdığı “Sarısulu Nəcəf” kitabı  sayca 7-ci olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, tezliklə o kitabı universitetə təqdim edəcək.

Universitetin məzunu olmuş, şəhidin qardaşı Eldar Verdiyev Nəcəf Verdiyevin və onun oğlu Dilqəm Verdiyevin vətəni, torpağı uğrunda necə qəhrəmanlıq göstərdiklərindən bəhs etmişdir. Eldar Verdiyev universitet rəhbərliyinin onlara göstərdiyi diqqət, qayğıya görə təşəkkürünü bildirmişdir.

Görüşdə çıxış edən prorektor Pərvin Kərimzadə qeyd edib ki, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, onların müasir həyat şəraitinə uyğunlaşdırılmasına, sosial-iqtisadi və mənəvi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək, onların əməkdaşlığını və qarşılıqlı əlaqələrini möhkəmləndirmək məqsədilə biz sizə və sizin simanızda olan hər bir şəhid ailəsinə dəstək olmaq üçün əlimizdən gələni etməyə hər zaman hazırıq.

Dövlətimiz və xalqımız hər zaman şəhidlərin əziz xatirəsini uca tutacaq. Təbii ki, şəhid ailələri də həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacaq. Ulu öndər Heydər Əliyev Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə həmişə diqqət və qayğı ilə yanaşıb, onların problemlərinin həllinə çalışırdı. Ümummilli Liderin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu qəbildən olan insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Bizim ordumuz döyüş meydanlarında da öz gücünü göstərmişdir. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Biz bir neçə strateji mövqeyi işğalçılardan azad etmişik və o bölgələrdə, o yüksəkliklərdə Azərbaycan bayrağını qaldırmışıq. Pərvin Kərimzadə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbədə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, qazilərin, şəhidlərin rəşadətinin, şücaətinin müasir tariximizin şanlı qəhrəmanlıq dastanı kimi heç zaman unudulmayacağı və gələcək nəsillərimiz üçün örnək təşkil edəcəyini qeyd edib.

Prorektor Gülsüm Fətəliyeva bildirib ki, 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız işğal altına, bir milyondan çox soydaşımız qaçqın, məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz minlərlə şəhid verdik, on minlərlə insan yaralandı, əlil oldu. O vaxt Azərbaycanda hakimiyyətsizlik dövrü idi. Bizim məğlubiyyətimizin əsas səbəbi ondan ibarət idi ki, o vaxt Azərbaycanda güclü lider yox idi. Lider, mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Xalqın lideri ilk növbədə insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır. Yaşadığımız 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyev sübut etdi ki, dahi siyasətçinin və böyük dövlət xadiminin ən layiqli varisidir. Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır.

Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova şəhidlərin  ailə üzvlərinə başsağlığı verərək, qəhrəman övladlar böyüdən valideynlərin qarşısında baş əydiyini bildirib. Şəhid məzunlarımızla fəxr etdiyini diqqətə çatdıran sədr, onların əziz xatirəsinin daim əziz tutulacağını və həyat yolunun hər bir gənc üçün örnək olacağını bildirib.

Sonda Universitetin rəhbərliyi və kollevtivi adından Vətən torpağının azadlığı kimi müqəddəs amal uğrunda özünü fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə, yaxınlarına mətanət, yaralılara şəfa arzulanıb.