Gəncə Dövlət Universitetinin tələbə-gəncləri şəhərin ictimai və mədəni həyatında fəal rol oynayırlar

Gəncə Dövlət Universitetinin tələbə-gəncləri yalnız universitetin deyil, həm də ulu Nizami yurdunda həyata keçirilən çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə yaxından iştirak etməklə, şəhərin  ictimai-mədəni həyatında fəal rol oynayırlar.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, bu fikirlər 2 fevral – Gənclər Günü münasibətilə ali təhsil müəssisəsində keçirilən tədbirdə səsləndirilib.

Tədbiri açan Milli Məclisin deputatı, Universitetin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə bildirib ki, gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olub. Onların gücündən səmərəli istifadə olunanda ölkə də tərəqqi edir, insanların həyata baxışı da təzələnir, dövlət idarəçiliyinin, iqtisadiyyatın mədəniyyətin inkişafına rəvac verən mühüm işlər görülür.

Ölkədə gənclərə qayğı hər gün artır. Onlara etimad göstərilməyə, məsul vəzifələrdə çalışamalarına şərait və imkan yaradılır. Gənclərin ixtisaslarının artırılmasına, çalışdıqları sahələr üzrə daha da  təkmilləşmələri, inkişaf etmiş demokratik ölkələrin təcrübələrinə yiyələnmələri üçün qayğı göstərilir.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinin inkişafına hər zaman böyük qayğı ilə yanaşmışdır. Belə ki, idmanımızın inkişafı da məhz onun sayəsində mümkün olmuşdur. Bütün bunlar dövlətin gənclərimizə qayğısının nəticəsidir. Respublika gənclərinin II forumundan sonra uşaq və gənclərin problemlərinin həllinə, hüquqlarının müdafiəsinə yönəldilmiş  qanunlar  qəbul edilib və bu sahədə bir sıra hüquqi konvensiyalara qoşulub. Bütün bunlar bir daha sübut edir ki,  gənclər siyasəti ölkəmizdə çox uğurla həyata keçirilir və o, ölkə rəhbərinin daimi nəzarətindədir. Odur ki, bu gün Azərbaycanda çox saylı gənclər təşkilatı fəaliyyət göstərməkdədir. Bu gün gənclərimiz Avropa və dünyanın bir çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur və bununla da beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilib.

Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva bildirib ki, bu gün 1997-cı ildə Heydər Əliyevin sərəncamı ilə təsdiq edilib. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlayıb. Diqqətə çatdırılıb ki, 1999-cu il iyulun 29-da ümummilli lider Heydər Əliyev “Dövlət gəncləri siyasəti haqqında” fərman imzalayıb. Bu fərmanın icrası çərçivəsində geniş tədbirlər planı həyata keçirilməyə başlanıb. 2002-ci il aprelin 9-da “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanunda gənclər siyasətinin məqsəd və prinsipləri, onun həyata keçirilməsində dövlətin vəzifələri, bu siyasətin əsas istiqamətləri, həyata keçirilməsinin təşkilati, maddi və maliyyə təminatı və digər məsələlər konkret əksini tapıb. Bu istiqamətdə aparılan məqsədyönlü işlər nəticəsində dövlət-gənclər siyasətinin normativ hüquqi bazası formalaşıb.

Rektorun baş müşaviri, dosent Asif Cavadov vurğulayıb ki, dövlət gənclər siyasətinin uğurla  həyata keçirilməsi, onlara qayğı və diqqətin müntəzəm artırılması həyatımızın bütün sahələrində özünü göstərir. Gənclərimiz də öz növbəsində ölkə başçısının onlara olan etimadlarını doğruldurlar. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycan gəncləri “sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.” İnanırıq ki, bu gənclik böyük azərbaycanlı Heydər Əliyevin ideyalarını ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi altında  gerçəkləşdirəcək,  inkişaf etdirəcək daha da işıqlı gələcəyə aparacaq.

Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov, Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov və tələbələr  universitetdə gənclərə göstərilən diqqət, qayğıya görə rəhbərliyə minnətdarlıqlarını  bildiriblər.

Sonra rektor professor Yusif Yusibovun 2 fevral Gənclər günü münasibəti ilə imzaladığı müvafiq əmrə əsasən universitetdə təhsil alan 32 fəal tələbəyə “Fəxri Fərman” və hədiyyələr verilib.