Gəncə Dövlət Universitetinin TGT-si “Ayın Tələbə Gənclər Təşkilat”ı nominasiyasının qalibi olub

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) Bakı və regionlarda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin TGT sədrləri ilə görüş keçirilib.

Milli Məclisin deputatı, ATGTİ-nin sədri Şahin İsmayılovun başçılığı ilə keçirilən iclasda TGT-lərin strukturlarının təkmilləşdirilməsi, tələbələrin Azərbaycan Tələbə Kartı ilə təmin olunması prosesinin sürətləndirilməsi və həyata keçiriləcək bir sıra layihələr müzakirə olunub.

Daha sonra noyabr ayı ərzində Bakı və regionlarda fəaliyyət göstərən TGT-lərin fəaliyyətləri qiymətləndirilib və” Ayın Tələbə Gənclər Təşkilatı ” nominasiyası üzrə mükafatlar təqdim olunub.

Belə ki, cari ilin noyabr ayında xüsusi fəallığına görə fərqlənən Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin TGT-ləri arasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatı (AzMİU TGT), orta ixtisas təhsil müəssisələri arasında 2 nömrəli Bakı Baza Tibb Kollecinin Tələbə Gənclər Təşkilatı, region Tələbə Gənclər Təşkilatları içərisində isə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı (GDU TGT) “Ayın Tələbə Gənclər Təşkilat”ı nominasiyasının qalibi olub və təltif edilib.