Gənc alimlərin I beynəlxalq elmi konfrası keçirilmişdir

17 oktyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gənc alimlərin I beynəlxalq elmi konfrası keçirilmişdir. Xarici dövlətlərin ali məktəblərinin, elmi müəssisələrinin, həmçinin respublikamızın gənc alimlərinin iştirak etdiyi konfrans Azərbaycan Dövlət Himni ilə başladı.

Universitetin elm və innovasiyalar üzrə prorektoru dosent Pərvin Kərimzadə konfransı giriş sözü ilə açaraq ilk öncə iştirakçılara Nizami Gəncəvi yurdu olan ulu Gəncənin son beş ildə inanılmaz inkişafından, aparılmış abadlıq işlərindən, arxitektura baxımından gözəlləşməsindən, dünyada böyüklüyü ilə seçilən Heydər Əliyev və neçə-neçə digər parkların, istirahət zonalarının salınmasından  məlumat verdi. Gəncə həqiqətən əsl gözəllik diyarına çevrilmişdir. Gəncə öz  gənclərinin  fəallığına,  fəailyyətlərinin həyata keçirilməsinə, onların yüksək məlumatlılıq və inkişaf səviyyəsinə  görə Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa Gənclər Forumunun ümumi yığıncağında 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı müsabiqəsinin qalibi elan olunmuşdur.

Gəncə Dövlət Universiteti də hərtərəfli inkişaf edən Gəncəmizdən heç də geri qalmır. Universitetin tədris binaları əsaslı təmir edilmiş, maddi texniki bazası daha da zənginləşdirilmiş, laboratoriyalar müasir tələblər səviyyəsinə çatdırılmış, tədrisin keyfiyyəti yüksəldilmiş, Avropa ölkələrinin ali təhsil müəssisələri ilə beynəlxalq əlaqələr daha da inkişaf etdirilmişdir. Universitetimiz Avropa İttifaqının təklif etdiyi “Erasmus+” və “Horizon-2020” proqramlarına aktiv şəkildə qoşulması, tələbə və müəllimlərimizin hər iki proqramın təklif etdiyi imkanlardan maksimum faydalanması üçün müvafiq tədbirlər həyata keçirir. Artıq  Yuxarı Elzas (Fransa Respublikası), Varşava (Polşa Respublikası), Tətbiqi Elmlər üzrə Kauno Kolegiya (Litva Respublikası), Dunaujvaros (Macarıstan Respublikası), Vitrina (Albaniya Respublikası), Vitebsk Dövlət (Belorusiya Respublikası), Poltava Dövlət Ticarət və İqtisadiyyat (Ukrayna Respublikası), İvan Franka adına Droqobıç Dövlət Pedaqoji (Ukrayna Respublikası), Tbilisi Dövlət, Akaki Tseretli adına Dövlət (Gürcüsan Respublikası) universitetləri ilə ciddi əməkdaşlığımız var. Hazırda Türkiyə Cümhuriyyətinin 20-yə yaxın ali təhsil ocaqları ilə tələbə, müəllim mübadiləsi edilir.

Konfransda Gəncənin inkişafı, Gəncənin Avropanın Gənclər Paytaxtı olması və Universitetin uğurları ilə bağlı video çarxlar nümayiş etdirildi.

Gəncə Dövlət Universitetinin Azərbaycan kafedrasının dosenti,  YAP GDU ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə iştirakçılara gənclərin təhsillə  bərabər  Universitetin ictimai həyatında göstərdikləri fəallıqdan, idman sahəsində qazandıqları uğurlardan, elmi-tədqiqat sahəsində fəaliyyətlərindən bəhs etdi. Onu da bildirdi ki, həqiqətən universitetdə gənclərin mükəmməl təhsil almaları, elmi-tədqiqat işləri ilə məşğul olmaları, sağlamlıqlarını qorumaları, asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılmışdır. Bu günki gənc alimlərin I beynəlxalq konfransı da yaradılmış münbit şəraitdən xəbər verir. Əslində konfransın təşkilində də gənclərin rolu, təşəbbüskarlığı diqqəti cəlb edir. Artıq hər il beynəlxalq konfrans keçirmək Universitetimizdə ənənəyə çevrilmişdir. Belə konfranslar həm də qardaş ölkələrdə təhsil alan gənclər arasında dostluğun, birgə elmi əməkdaşlığın formalaşmasına imkan verir. Bu addımlar xalqları bir-birinə yaxınlaşdırır, mədəni, elmi tərəqqinin inkişafında xüsusi əhəmiyyət kəsb edir.

Qonaqlardan Telavi Dövlət Universitetinin aparıcı elmi işçisi Georqi Bejitaşvili, AMEA-nın Arxeologiya İnstitunun aparıcı elmi işçisi Müzəffər Hüseynov, Milli Tarix Muzeyinin  aparıcı elmi işçisi Fərhad Cabbarov, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin aparıcı elmi işçisi Təbəssüm Muxtarov çıxış edərək öz təəssüratlarını bölüşdülər. Georgi Bejtaşvili bildirdi ki, mən 2005-ci ildə Gəncədə olmuşam. Məni qınamayın, mən Gəncəni tanımadım. Gəncə elə bil başdan-başa muzeydir. Nə qədər böyük işlər görülüb. Mən bunu fəxrlə deyirəm. Biz bu diqqətəlayiq tədbirdən xoş təəssüratlarla qayıdacağıq.

Fərhad Cabbarov da Georginin sözləri ilə razılaşaraq onu da əlavə etdi ki, indiyədək bir çox ölkələrin beynəlxalq konfranslarında olmuşam. Azərbaycanın mərkəzdən uzaq guşəsində yerləşən Gəncə Dövlət Universitetinin təşkil etdiyi beynəlxalq konfrans tamamilə fərqlidir. Heç yerdə belə konfransın təşkilinə rast gəlməmişəm. Mən heyranam. Sizdəki təşkilatçılıq, mehribanlıq, elmə bu dərəcədə həvəskarlıq təqdirəlayiqdir. Siz ayrı-ayrı ölkələrin alimlərini bir yerə toplayıb əsl qardaşlıq nümunəsi göstərirsiniz. Həm insanlıqda, həm elmi əməkdaşlıqda.

Çıxışlardan sonra iqtisadiyyat, siyasi elmlər, tarix, dəqiq və təbiət elmləri, filologiya və tərcümə sahələrini əhatə edəcək konfrans ayrı-ayrı bölmələrdə öz işini davam etdirdi.