GDU-da ELMİ-PRAKTİK KONFRANS

Gəncə Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş  “Heydər Əliyev: Şəxsiyyət və zaman” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə pektor professor Yusif Yusibov açaraq qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev hələ Sövetlər dönəmində Respublikaya rəhbərlik etdiyi illərdə daim  iqtisadi inkişafla yanaşı, respublikada ilk növbədə milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığını möhkəmləndirməyi qarçısına mühüm məqsəd kimi qoymuşdur. Bir qayda olaraq  doğma dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı tövsiyə edir və bu sahədə ictimai fikir formalaşdırırdı.  Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər Azərbaycanda milli özünüdərki gücləndirir, müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açırdı. Böyük öndər sovet ideologiyasının bütün maneələrini yararaq Azərbaycanda milli özünüdərk məsələlərini önə çəkməyə, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişə ruhlandırmağa çalışırdı.

XX əsrin 90-cı illərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi zaman dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi proseslər baş verirdi. Heydər Əliyev ilk növbədə xalqımızı vətəndaş müharibəsindən, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu!

Azərbaycan tarixi kafedrasının müdiri dosent Emma Aslanovanın “Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur”,  baş müəllim Sevinc Bağırovanın “”Müstəqil Azərbaycanın beynəlxalq aləmdə tanınması Ümummilli lider Heydər Əliyevin xidmətidir”, Ümumi tarix kafedrasının baş müəllimi Gülşən Mustafayevanın “Ümummilli lider Heydər Əliyevin Dağlıq Qarabağ münaqiəşəsi zamanı əsir düşən və girov götürülənlərin geri qaytarılmasında rolu” adlı məruzələri iştirakçılar tərəfindən maraqla qarşılandı. Məruzələrdə Ulu Öndərin Vətənə, xalqa bağlılığı, son dərəcə əziyyətli, lakin şərəfli fəaliyyəti, dövlət quruculuğunda, müstəqilliyin qorunub möhkəmləndirilməsində, daxili və xarici siyasətdə misilsiz xidməti öz əksini tapmışdır. Qeyd olundu ki,  Heydər Əliyevin hazırladığı milli inkişaf strategiyası əsasında Azərbaycan sürətli inkişaf yoluna çıxarıldı. Bu inkişaf həyatın bütün sahələrini əhatə edirdi. Ümummilli liderin yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına imkan verdi. Ulu öndər bütün daxili və xarici təzyiqlərə baxmayaraq, 1994-cü il sentyabrın 20-də ölkəmizin təbii sərvətlərinin, ilk növbədə Xəzərin Azərbaycan sektorundakı neft və qaz yataqlarının birgə istismarı sahəsində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq əlaqələri yaratmağa müvəffəq oldu.  Məhz Heydər Əliyevin yeritdiyi uzaqgörən xarici siyasət, diplomatik səylər nəticəsində dünya birliyi Dağlıq Qarabağ ətrafındakı hadisələrlə bağlı kimin haqlı, kimin haqsız olduğunu dərk etdi, Azərbaycanın yalnız öz ərazisinin bütövlüyünə, sərhədlərinin toxunulmazlığına yönəlmiş haqq işini müdafiə etməyə başladı.

Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu, ölkə daxilində destruktiv qüvvələrin fəallaşdığı bir şəraitdə elmi olaraq əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirə bildi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. Ulu öndər ölkənin xarici siyasətinin bütün əsas istiqamətlərini müəyyənləşdirdi. Həmin istiqamətlər üzrə siyasi-diplomatik fəaliyyətin məzmunu və məqsədini dəqiqləşdirdi.

Ulu öndərin müəyyən etdiyi xarici siyasət hər şeydən əvvəl dünyanın bütün dövlətləri ilə bərabər hüquqlu surətdə faydalı əlaqələr qurmaq və inkişaf etdirmək məqsədini daşıyır. Buna görə Azərbaycanın xarici siyasəti sülhsevər mahiyyətlidir. Bu xarici siyasət  ilk növbədə, dövlət müstəqilliyinin möhkəmləndirilməsi işinə xidmət edir.

Mövzu ətrafında çıxış edənlər xalqımızın daim Ulu Öndərin ideyalarını davam etdirəcəyini, tutduğu kursu geniş məzmunda reallaşdıran cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dəstək olcağını xüsusilə vurğuladılar.

Elmi-Praktik konfransın sonunda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilmiş video-çarx izlənildi.