GDU-da FRANKOFONİYA BAYRAMI

1970-ci ildən fəaliyyət göstərən Beynəlxalq Frankofoniya Təşkilatı tərəfindən təsis edilən,  fransız dilini və mədəniyyətini sevdirməyə, təbliğ etməyə xidmət göstərən Frankofoniya (fransız dili günləri) kimi qeyd olunan və dünyanın 53 ölkəsində keçirilən bu bayram, həm də fransız dilinə, mədəniyyətinə dünya xalqlarının yüksək ehtiramının əlamətidir. Azərbaycanın da bir çox ali məktəblərində ənənəvi olaraq hər il təntənəli, xüsusi tədbir və mərasimlərlə qeyd olunmaqdadır. Fransız dili müəllimliyi ixtisasında pedaqoji mütəxəssislər hazırlayan Gəncə Dövlət Universitetinin belə bir mərasimlərin təşkilində xüsusi payı var. Bu il də bu ənənə Fransanın Azərbaycandakı səfirliyinin elm-təhsil şöbəsinin   əməkdaşı  Elza Furtadonun iştirakı ilə davam etdirilmişdir.
Elza xanım Furtadon ilk öncə universitetdə fransız dilinin tədrisi ilə maraqlanmış, tələbə və müəllimlərlə söhbət aparmış, burada gedən tədris və təhsildən razı qalmışdır. Eyni zamanda fransız dilinə, mədəniyyətinə və  ədəbiyyatına həsr edilmiş tərcümə müsabiqəsində iştirak etmişdir.
Müsabiqədən  sonra Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram teatrında universitetin müəllim və tələbə heyəti qarşısında xüsusi proqramla  Frankofoniya bayramının təntənəsinə başlanılmışdır.
Bayram təntənəsini giriş sözü ilə açan universitetin rektoru professor Yusif Yusibov Elza xanım Furtadonu, gələn qonaqları, müəllim və tələbə heyətini bu bayram münasibəti ilə təbrik edərək bildirdi ki, dünya təhsilinə inteqrasiya yolu tutan universitetimiz  ümumiyyətlə təhsilimizə göstərilən dövlət qayğısı sayəsində daha da inkişaf edir, savadlı, qabiliyyətli mütəxəssis yetişdirməklə bərabər, beynəlxalq əlaqələrimizi də genişləndiririk. GDU-nun beynəlxalq əlaqələrində Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı olan “KOİCA” geniş yer tutur. Universitetimiz Türkiyənin “Mövlana” mübadilə proqramına qoşulub. Bu proqram çərçivəsində 20 ali təhsil müəssisəsi ilə, o cümlədən Kastamonu, Giresun, Firat, Ərzurum Teknik, Çankaya, Ərzincan, Nevşəhir Hacı Bektaş Vəli, Bitlis Eren, Aksaray, Uşak, Bozok, Cumhuriyyət, Hacettepe, Ərdahan universitetləri ilə müqavilələr imzalanmışdır.
Avropa istiqamətində Fransanın Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden, Albaniyanın Vitrina, MDB ölkələri istiqamətində Belarusun Vitebsk, İqtisad, Poltava, Gürcüstanın Tbilisi, Kutaisi universitetləri, Özbəkistanın Nizami adına Daşkənd Pedaqoji İnstitutu ilə əməkdaşlığımız uğurla davam etdirilir.
Universitet Avropa Şurasına daxil olmayan dövlətlərdə ali təhsilin inkişafına, Bolonya prosesinin reallaşmasına kömək məqsədilə yaradılmış və Avropa Şurasının layihəsi olan “TEMPUS”, bütün dövlətlərdə ali təhsilin Avropa modeli üzrə inkişafı məqsədinə, müəllim və tələbələrin mübadiləsinə xidmət edən “ERASMUS” proqramında iştirak edir.
Sevindirici haldır ki, Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Gəncə Dövlət Universiteti  ilə Fransanın Reyms Şampan-Arden Universiteti arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Bu gün isə Frankofoniya bayramına toplaşmışıq. Frankofoniya bayramınnın keçirilməsi iki dövlət, iki xalq arasında dostluğun gözəl bir nümunəsidir.
Elza xanım Furtadon öz çıxışında Gəncə Dövlət Universitetində fransız dilinin və ədəbiyyatının tədrisinə və təbliğinə ciddi fikir verildiyi üçün kollektivə, rektor Yusif müəllimə, Fransız dili kafedrasının müdiri Məhərrəm Orucova dərin minnətdarlığını bildirdi. Belə bir mərasimin hazırlanmasının fransız xalqına gözəl hədiyyə olduğunu isə xüsusilə vurğuladı.
Tədbirdə Xarici dillər fakültəsinin fransız dili ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə   Məcid Şamxalovun  “Qaynana”,  “Jan Batist Molyerin “Xəsis”, Üzeyir Hacıbəyovun “Arşın mal alan” və fransızların “Boyunbağı” komediyaları əsasında fransız dilində səhnələr nümayiş etdirildi.
Müxtəlif kurslarda təhsil alan və rollarda iştirak edən Günel Tağızadə, Adilə Məmmədzadə, Rəvanə Hacıyeva, Vüqar Hüseynli, Esmeralda İsmayılova, Aygün Məmmədova, Reyhan Hüseynova, Vüqar Hüseynov, Nərgiz Hüseynova, Tamella Bağırzadə, Nigar Məmmədova, Nəzrin Məmmədova, Sabir Məmmədov, Gülər Əliyeva, Əli Şahverdiyev, Rauf Sadıxov, Xəyal Məmmədov və başqalarının fransız dilində aydın və anlaşıqlı danışmaları, üstəlik bu dildə pollarını məharətlə, qabiliyyətlə ifa etmələri alqışlarla qarşılandı.
Şövkət Orucova, Ofelya Əhmədova, Səfura Məmmədova “Sos”, Reyhan Hüseynova, Gülər Əliyeva, Əfsanə Məmmədova, Leyla Nərimanlı, Aişə Hüseynova, Günel Rüstəmova “Səni xatırlamaq üçün” və  Aygün Məmmədova, Esmeralda İsmayılova, Aynur Kazımlı isə “Andalouse” mahnısını fransız dilində ifa etdilər.  Reyhan Hüseynova, Rəvanə Hacıyeva, Nərmin Məmmədova və Aytac Əhmədovanın ifasında  fransızların  “Bella” rərqsi tədbiri bir qədər də canlandırdı.
Mərasimin sonunda rektor professor Yusif Yusibov, Elza xanım Furtadon çıxış edərək mərasiməi təşkil edənlərə, iştirakçı tələbələrə öz təşəkkürlərini bildirməklə belə tədbirlərin, isti münasibətlərin Azərbaycan və fransız xalqının əlaqələrinin genişlənməsinə, dostluğun daha da möhkəmlənməsinə müsbət mənada təsir göstərəcəyini bildirdilər.