GÖRÜŞ KEÇİRİLDİ

19 aprel 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəsisələrinə inteqrasiyasının təməlinin qoyulması” ESFİDİP-Tempus layihəsi (Xəzər universitetinin koordinatorluq etdiyi) çərçivəsində yaradılmış “Əlilliyi olan tələbələr üçün mərkəz”in təşəbbüsü ilə müxtəlif fakültələr üzrə təhsil alan müxtəlif fiziki məhdudiyyətli tələbələr və “Dəstək qrupu” ilə görüş təşkil olunmuşdur.

Görüşdə ilk öncə  Humanitar işlər üzrə prorektor dosent Asif Cavadov Qərb bölgəsi üzrə yaradılmış regional xarakter daşıyan mərkəzin məhz universitetimizdə açılmasının əlamətdar hadisə olmasını qeyd etməklə yanaşı, müxtəlif fiziki məhdudiyyətli şəxslərin içərisində xüsusi istedada malik insanların olmasını və onların cəmiyyətdə mühüm rol oynayacaqlarını da bildirdi. Dövlət başçısı İlham Əliyevin, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın da bu sahəyə xüsusi diqqət yetirməsini, bir çox dövlət əhəmiyyətli islahatların həyata keçirilməsini də  nəzərə çatdırdı.

Mərkəzin direktoru Farizə İsmayılzadə  Mərkəzin yaradılması və iş fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verərək, müasir dövrdə təhsil siyasətinin prioritet məsələlərindən biri kimi xüsusi qayğıya ehtiyacı olan hər bir vətəndaşın keyfiyyətli təhsil almaları üçün hüquqi baza yaradılmasının zəruriliyindən danışdı.

Beynəlxalq əlaqələr şöbəsinin müdiri,  Layihənin yerli koordinatoru Ruslan Məmmədovun layihə haqqında, “Məsləhət Komitəsi”nin üzvü, Biologiya-kimya fakültəsinin tələbəsi Ləman Fərzəliyevanın “Təhsilli gələcəyə doğru”, “Dəstək qrupu”nun Filologiya fakültəsi üzrə üzvü Esmira Göyüşovanın “Təhsil hər kəsin haqqıdır”, Biologiya-kimya fakültəsi üzrə üzvü Nuranə Teymurovanın “Əlilliyi necə dərk edirik” mövzusunda etdikləri çıxışlar da maraq yaratdı.

“Qiymətləndirmə və monitorinq qrupu”nun üzvləri Sevinc Quliyeva və İlhamə Niyazova da mərkəzin universitetimizdə yaradılmasının vacibliyindən danışaraq, gələcək fəaliyyətində uğurlar dilədilər.

Yekunda Mərkəzin direktoru Farizə İsmayılzadə görüşdə iştirak edən tələbələrin suallarını cavablandırdı.