İQTİSADİYYAT VƏ İDARƏETMƏ FAKÜLTƏSİNDƏ YUBİLEY TƏDBİRİ


1 may 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda Universitetin rəhbərliyi, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, müəllim və tələbələr iştirak etmişlər.
Tədbiri giriş sözü ilə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Şahin Xurşudov açaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı keçirilən konfrans iştirakçılarını salamladı. Bildirdi ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Məhz bu dahi insanın səyi nəticəsində  Azərbaycan dönməz, əbədi  müstəqilliyə, hər sahədə inkişafa, tərəqqiyə qədəm qoyub. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan  dahi lider idi.
Professor Daşdəmir İsayev “Heydər Əliyev”, TEC-in sədri Rafiq Abbasov “Ümummilli lider”, təlim tərbiyə işlər üzrə dekan müavini Vəfa Məmmədova və  dövlət və bələdiyyə idarəetməsi ixtisasının  III kurs tələbəsi Firuzə Nağızadə öz məruzə və  çıxışlarında  Ulu Öndərin keçdiyi şərəfli həyat yolundan, öz xalqına, vətəninə, azərbaycançılığa sədaqətindən və sonsuz sevgisindən bəhs etdilər.  Tələbə Şahin Qulubəyli  Ulu Öndərə həsr olunmuş  şeirlərini konfrans iştirakçılarına çatdırdı.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyatı və dövlətimizin qüdrətlənməsi naminə gördüyü işlərə həsr olunmuş video çarx nümayiş etdirilmişdir.