“MİLLİ DİRÇƏLİŞ GÜNÜ” QEYD EDİLDİ

17 noyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasının iclas zalında “17 noyabr Milli Dirçəliş Günü” münasibətilə elmi-praktik konfrans keçirilmişdir. Azərbaycan Reespublikasının Dövlət Himnindən sonra Universitetin Humanitar məsələlər  üzrə prorektoru dosent Gülsüm Fətəliyeva giriş sözündə qeyd etdi ki, 17 noyabr dövlətimiz və xalqımız tərəfindən “Milli Dirçəliş Günü” kimi qeyd edilir. 1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz 17 noyabrda başlandı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır.

Riyaziyyat müəllimliyi ixtisasının III kurs tələbəsi Hekayət Əhmədzadənin ifa etdiyi  “Bir dəfə yüksələn bayraq”  şeiri konfrans iştirakçılarında xoş təəssürat yaratdı.

Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə” “Milli dirçəlişimiz müstəqilliyimizin təməlidir”, Azərbaycan tarixi kafedrasının müdiri dosent Emma Aslanova “Milli müstəqilliyimizə təminat yaradan lider”, Ümumi tarix kafedrasının baş müəllimi Xatirə İlyasova “Milli dirçəliş-milli iradənin təzahürü kimi” adlı məruzələrində, rektorun baş müşaviri Asif Cavadovun, Tarix-coğrafiya fakültəsinin dekanı dosent Urfan  Həsənovun çıxışlarında Milli Dirçəliş Gününün qeyd olunma  tarixindən, xalqımızın əzmkarlıqla müstəmləkəçiliyə qarşı mübarizəsindən, öz iradəsinə sadiq qaldığındən, əbədi azadlıq qələbəsindən bəhs etdilər. Bildirdilər ki, hal-hazırda   müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Xarici ölkələr  Azərbaycanın mövqeyi ilə hesablaşırlar. Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin xilas edib inkişaf yoluna çıxardığı dövləti daha da möhkəmləndirməklə. sözün əsl mənasında, onu müstəqil, dünyəvi, inkişaf edən bir ölkəyə çevirmişdir.