MİLLİ MƏTBUAT VƏ JURNALİSTİKA GÜNÜ QEYD OLUNDU

         21 iyul 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində “Milli mətbuat və Jurnalistika günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

         Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva tədbir iştirakçılarını salamlayaraq “Milli mətbuat və Jurnalistika günü” münasibəti ilə mətbuat işçilərini təbrik edib onlara can sağlığı və peşələrində uğurlar arzuladı.

         Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadə, rektorun baş müşaviri dosent Asif Cavadov və Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova bildirdilər ki, Azərbaycanda Millli Mətbuat Günü iyulun 22-də qeyd olunur. Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” adlı ilk mətbuat nümunəsi  141 il əvvəl məhz 22 iyulda nəşr edilmişdir. Azərbaycanda o vaxtdan bu günə qədər mətbuata ciddi fikir verilir, müasir dövrdə isə Dövlət səviyyəsində qayğı göstərilir. Mərhum  Prezidentimiz Heydər Əliyev mətbuatı xüsusilə qiymətləndirmiş, 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılmışdır.

         Gəncə Dövlət Universiteti rektorluğunun və Azad Həmkarlar İttifaqı Komitəsinin elmi- pedaqoji orqanı olan “Yüksəliş” qəzetinin 45 illik baş redaktoru,  “Əməkdar jurnalist”, “Həsən bəy Zərdabi” və “Məmməd Araz”  mükafatçısı, BMT-nin “Şərəf və vicdan”, Rusiya Yazıçılar İttifaqı Moskva şəhər şöbəsinin “Qızıl payız“ ordeni və diplomu ilə təltif olunmuş, Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının “Fəxri doktoru və professoru “ adlarına və “Altın medal” mükafatına layiq görülmüş Qərib Mehdi, “Yüksəliş” qəzetinin əməkdaşlarından 30-a qədər kitabın redaktoru olan AYB-nin üzvü Firəngiz İsmayılova və AYB və AJB-nin üzvü Ümbülbanu Hacıyeva öz çıxışlarında mətbuat və jurnalistika sahəsində işləyən işçilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Gəncə Dövlət Universitetinin rektoru professor Yusif  Yusibova təşəkkürlərini bildirdilər.

         Tədbirin sonunda universitetin mətbuat və qəzet əməkdaşları pul mükafatı ilə təltif edildilər.