“MÖVLANADAN BARIŞ VƏ SEVGİ DAMLALARI” LAYİHƏSİ

11-14 mart 2016-cı il tarixdə Türkiyə Cumhuriyyəti Başnazirliyində Xaricdə yaşayan Türklər və Qohum Topluluqlar Nazirliyi tərəfindən “Mövlana Mədəni Müdaxilə” proqramı çərçivəsində maliyyələşdirilən Afyonkarahisar İcra Hakimiyyəti tərəfindən koordinasiya edilən, Azərbaycan Respublikası Gəncə Dövlət Universiteti, Afyonkarahisar Bələdiyyəsi, Ərazi Milli Təhsil Müdirliyi və “Anadolu Mədəniyyət, Təhsil və Araşdırma Dərnəyi”nin layihə ortaqlığı ilə “Mövlanadan Barış və Sevgi Damlaları” adlı layihə həyata keçirilmişdir.

Layihə zamanı Gəncə Dövlət Universitetini dörd müəllim-qrup başçısı İnformatika kafedrasının baş müəllimi Vasif Həsənov olmaqla, İnformatika kafedrasının dosenti Gülmira Verdiyeva, İKT şöbəsinin müdiri Asif Həsənov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov və universitetin bütün fakültələrindən seçilmiş 16 tələbə təmsil etmişdir.

Qrup Layihənin ilk günü İstanbul şəhərində Sultanahmet məscidini, Ayasofyanı, Topkapı sarayını, Eminönü meydanını və s. görməli yerləri gəzdikdən sonra Konya şəhərinə yola düşmüşdür. Konya şəhərində heyyəti Layihə koordinatoru Göktül Akpınar, Araşdırma-Təkmilləşdirmə əməkdaşı Ömər Bozdağ və Afyonkarahisar İcra Hakimiyyətinin Layihə Hazırlanma və Koordinasiya Mərkəzinin səlahiyyətli şəxsi Həmzə Memiş qarşılamışlar. Axşam yeməyi zamanı Konya Müəllimlər Evinin rəhbərliyi tərəfindən azərbaycanlı qonaqların şərəfinə Azərbaycan bayrağı tələbələrin oxuduğu himn sədaları altında qaldırılaraq türk bayrağının yanında dalğalandırılmışdır.

Türk qardaşlarımızın olduqca səmimi qarşıladıqları əməkdaşlarımız Mövlana Cəlaləddin Rumi Həzrətlərinin məzarı yerləşən abidəni, Çarşıpazarını, İcra Hakimiyyəti binasını, Səlcuqlu hökmdarı Alaaddin Keykubadın adını daşıyan Alaaddin təpəsini, Səlcuqlu sarayının günümüzə gəlib çatan hissəsini, Köhnə rəsədxananı, Zəfər meydanını, Selimiye məscidini, Şəms-i Təbrizi türbəsini, Meram küçəsini gəzdikdən sonra Konya Səlcuq Universitetini ziyarət etmiş, İqtisadiyyat və idarəetmə fakültəsinə dəvət olunmuşlar. Konya şəhərinin qədim yaşayış məskəni olan Sille kəndini ziyarətlə bərabər, axşama doğru Mövlana Mədəniyyət Mərkəzində hər cümə günü təşkil edilən “Səma nümayişləri” izlənilmişdir.

Afyonkarahisarda Sultan Divani Həzrətləri Türbəsi və Mövləvi Muzeyi ziyarətlərindən sonra axşam Türkiyə-Azərbaycan Mədəniyyət gecəsi keçirilmişdir. Tədbir hər iki dövlətin himninin səslənməsi ilə başlanmışdır. Mədəniyyət gecəsi keçirilən zaman Ankara şəhərindən terror xəbəri gəldiyi üçün musiqili hissə dayandırılmışdır. Gecədə Afyonkarahisar İcra Hakimiyyəti, Bələdiyyə başçısı, Ərazi Milli Təhsil Müdiri və bir çox tanınmış şəxslər iştirak edib. Gecəni layihə rəhbəri Göktül xanım açdıqdan sonra qonaqlar və GDU nümayəndə heyyətinin rəhbəri Vasif Həsənov layihə və iki xalqın qardaşlıq münasuibətlərindən, onun tarixi əhəmiyyətindən bəhs etmişlər. Tələbələr hazırladıqları slaydı nümayiş etdirmiş və iştirakçılara Gəncədən apardıqları Novruz xonçaları təqdim etmişlər.

Heyət layihə əsasında getdikləri hər bir şəhərdə tarixi yerlərlə tanış olmuş, türk xalqı, onun qədim tarixi, mədəniyyəti haqqında zəngin məlumat əldə etmişlər. Şəhər və ali təhsil müəssisələrinin rəhbərlikləri tərəfindən böyük hörmətlə qarşılanaraq, müxtəlif görüşlər keçirilmişdir. Afyonkarahisar şəhərində İcra başçısı Hakan Yusuf Günerlə,   Afyon Kocatepe Universitetinin rektoru professor Mustafa Solakla, Ankarada Türkiyə Cumhuriyyətinin Başnazirliyinin Xaricdə yaşayan Türklər və Qohum Topluluklar Nazirliyində Nazirin köməkçisi Sərdar Gündoğanla görüşlər yaddaqalan olmuşdur. O da məlum olmuşdur ki, Afyon Kocatepe Universitetində 100-ə yaxın Azərbaycanlı tələbə təhsil alır və Dövlət Kanservatoriyasında Azərbaycandan bir neçə müəllim çalışmaqdadır.

Görüş zamanı Afyonkarahisar şəhər İcra başçısı Hakan Yusuf Güner qeyd etmişdir ki, “Mövlana və Mövləvilik mədəniyyəti dünyaya aid olan bənzərsiz dəyərlərimizdən biridir. Bu gün insanların bir-biriylə düşmənlik etməməsinə ən gözəl cavab verən bir dəyərimizdir. Layihə çərçivəsində sizlərin bura gəlməsi və bu mədəniyyəti yaxından görməsi, izah edilənlər, gördükləriniz və eşitdikləriniz sayəsində Mövlanaya və onun dəyərlərinə bir az daha yaxınlaşdığınıza inanıram. Bu da sizlər üçün böyük bir şans oldu. Mən bu layihənin çox yaxşı nəticələr verdiyini Türk və Azərbaycan arasındakı könül körpülərinin böyüdüyünü düşünürəm.” Afyon Kocatepe Universitetinin rektoru professor Mustafa Solak isə “Qardaş ölkə Azərbaycanı hədsiz yanımızda və yaxınımızda istəyirik. Çünki burası sizlərin də ata yurdunuz və anayurdunuzdur. Biz hər bir ixtisasdan tələbələrin gəlib universitetimizdə təhsil almasını və ya “Mövlana” proqramı kimi proqramlardan yararlanmasını istəyirik”-demişdir. Qrupun başçısı Vasif Həsənov hər bir görüşdə pektor Yusif Yusibovun salamını çatdırmaqla bərabər, səfərlərinin olduqca faydalı olduğunu vurğulamış, təşəkkürünü bildirərək türk qardaşlarımızın da qədim Gəncə şəhərində, Gəncə Dövlət Universitetində olmalarını arzulamışdır.

Görüşlərdə tələbələrdən bir neçəsi söz alaraq Türkiyədə olmadıqlarını, Türkiyəyə gəlməyi isə bir xəyal kimi düşündüklərini dilə gətirmişlər. Ümumiyyətlə xarici ölkələrdən ilk səfərlərinin qardaş Türkiyə olduğundan məmnun qaldıqlarını vurğulayıb bu layihənin təşkilatçılarına öz minnətdarlıqlarını bildirmişlər.

Ankara görüşlərindən sonra dörd günlük səfər başa çatmış, heyət yüksək əhval-ruhiyyə və zəngin təəssüratla Vətənə qayıtmışdır.