Prof. Vaqif Novruzov AMEA-nın müxbir üzvü seçilmişdir

Vaqif Novruzov

Gəncə Dövlət Universiteti Botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Vaqif  Seyfəddin oğlu Novruzov

              V.S.Novruzovun   elmi-pedaqoji fəaliyyəti Respublikanın elmi-tədqiqat və ali təhsil müəssisələri ilə əlaqədardır. O, 1966-1981-ci illərdə Azər­baycan Elmlər Akademiyası Botanika İnstitutunun aspirantı, kiçik elmi işçi və baş elmi işçi, 1982-1993-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademi­yasında dosent, professor, elmi işlər üzrə prorektor, rektor əvəzi vəzifələrində işləmiş­dir. 2003-cü ildə Gəncə Dövlət Universitetinin Botanika kafedrasında professor, 2006-cı ildən həmin kafedranın müdiri­dir.

1970-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1988-ci ildə professor elmi adı almışdır.

Bitki örtüyünün ümumi problemlərinin həllinə yönəldilmiş floristik-sistematik tədqiqatlar V.Novruzovun elmi axtarışlarının əsas istiqamətini təşkil edir. O, mü­rəkkəb, təbii-coğrafi əraziyə malik olan Böyük və Kiçik Qafqaz, Naxçıvan MR-nın şibyə florası, həmçinin çoxsaylı elmi ekspedisiyaların materialları əsasında Qafqazda növəmələgəlmə prosesini, floranın genezisi, formalaşması yollarını elmi dəlillərlə daha da dəqiqləşdirir. Elmə məlum olmayan 15 yeni şibyə növünün ilk dəfə təsvirini verərək, onları dünya florasına daxil etmişdir. Bununla yanaşı, keçmiş SSRİ (5 növ), Qafqaz (98 növ) və Azərbaycan florası üçün 300-dən çox yeni növ müəyyənləşdirir. Qafqazda ilk dəfə olaraq nadir və məhvolma təhlükəsində qalan şibyələrin mühafizəsi üçün tədbirlər sistemi işləyib hazırlayır.

O, botanikanın praktiki, metodiki və nəzəri problemlərinə həsr olunmuş 180 elmi əsərin, o cümlədən 6 monoqrafiya, 1 dərslik, 6 dərs vəsaiti, metodiki göstəriş və problem mühazirələrin müəllifidir.  Əsərləri xarici ölkələrin, keçmiş Sovetlər İttifaqının və respublikamızın jurnal və məcmuələrində çap olunmuş, 30- dan çox beynəlxalq və regional elmi  konfrans, simpozium, qurultay, konqress  və elmi ekspedisiyaların iştirakçısıdır. Bioloji müxtəlifliyini öyrənilməsi və genofondun mühafizəsi üzrə elmi araşdırmalarını davam etdirir. Azərbaycanın “Qırmızı kitabı”nın yeni nəşrinin  redaksiya heyətinin üzvü, həm də müəlliflərindəndir.

V.S.Novruzov 13 nəfər fəlsəfə doktoru, üç nəfər elmlər doktoru hazırlamışdır. Hazırda 5 nəfər doktorant və dissertanta rəhbərlik edir.

Prezident İlham Əliyevin 24 mart 2006-cı il tarixli 1368 №-li Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət planı”na müvafiq olaraq V.S.Novruzovun rəhbərliyi ilə Gəncə Dövlət Universitetinin Botanika kafedrasında professor-müəllim heyəti tərəfindən “Azərbaycanın qərb bölgəsinin bitki örtüyünün  bioloji müxtəlifliyi və  genofondun mühafizəsi” problemi  üzrə elmi tədqiqatlar  aparılır.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 sentyabr tarixli Sərəncamı ilə ona “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adı verilmişdir.

 

AMEA-nın 2 may 2017-ci il tarixli ümumi yığıncağının qərarı ilə  AMEA-nın  müxbir üzvü seçilmişdir.

 

TƏBRIK EDIRIK!