PROFESSOR 4  SAYLI MƏKTƏBDƏ

Gəncə Dövlət Universiteti şəhər orta məktəbləri ilə əlaqələrini genişləndirir. Müəllimlər müxtəlif sahələrdə əməkdaşlıq edir, pedaqoji təcrübədə olan tələbələr tədbirlərdə fəallıq göstərir, özləri də əyləncələr, fənn gecələri ilə kollektivə yaxından dəstək olurlar. Botanika kafedrasının müdiri, biologiya elmlər doktoru, professor, Əməkdar elm xadimi Vaqif Novruzovun  M.M.Mehdizadə adına 4 saylı tam orta məktəbin 10-cu sinif şagirdləri üçün “Müasir biologiyanın problemləri” mövzusunda keçdiyi açıq dərs bu əlaqələr haqqında xüsusi rəy yaratmışdır.

Professor Vaqif  Novruzov şagirdlərə bioloji müxtəliflik və ekoloji stabillik strategiyası, bitki örtüyündən səmərəli istifadə olunması və mühafizəsi, Azərbaycanın “Qırmızı kitabı”, Azərbaycanın milli florasının vacibliyi, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı ilə fotosintez prosesi arasındakı əlaqələrin elmi əsaslar, beynəlxalq kodekslər və s. məsələlər haqqında slaydlardan istifadə etməklə geniş məlumat vermiş, bu sahədə onları maraqlandıran sualları cavablandırmışdır.

Açıq dərsdə məktəbin direktoru Əliağa Səfərəliyev, Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov, təcrübə rəhbəri dosent Cabbar Qarayev, fənn müəllimləri iştirak etmişlər.